“Əvvəlki kimi oynasaq, yığmamıza çox çətin olacaq” - MÜSAHİBƏ
08.06.2009 - 23:13
“Əvvəlki kimi oynasaq, yığmamıza çox çətin olacaq” - MÜSAHİBƏ
“Betis” klubunun heyətində İspaniya Primerosunun bürünc medalçısı olan Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- Qışda “Neftçi” klubundan ayrılandan sonra işsiz qalmısınız. Hazırda yeni təkliflər varmı?
- Heç nə yoxdur və hələlik istirahət edirəm.

- Yenidən İspaniyaya qayıdıb, orada çalışmaq haqda düşünmürsünüz ki?
- Belə variant da yoxdur.

- Hazırda ailəniz də Bakıdadır?
- Xeyr, burda təkəm, ailəm İspaniyadadır.

- Milli komandamızın bu gün yoldaşlıq görüşündə rəqibi İspaniyanı sizdən yaxşı tanıyan ikinci azərbaycanlı futbol adamı ola bilməz. Hər halda, uzun müddət orada oynamısınız. Belə olan halda, oyunla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...
- Təbii ki, İspaniya mənə yaxşı tanışdır və milli komandaları çox güclüdür. Yığmamız belə rəqiblə oyundan xeyir götürməlidir. Rəqibimiz son Avropa çempionu olduğundan, onlara baxıb çox şey öyrənməliyik. Bizim futbol demək olar İspaniyaya bir az oxşayır. Bu, ilk növbədə texniki oyunla bağlıdır. Fikrimcə, çox maraqlı və faydalı qarşılaşma olacaq.

- Amma razılaşaq ki, bu iki ölkənin futbolçuları arasında səviyyə fərqi çox böyükdür, hətta müqayisəyə gəlmir...
- Bəli, bəli, bu, öz yerində. Bizdə İspaniyada olduğu kimi, elə güclü futbolçular yoxdur. Texniki oyunu ona görə dedim ki, İngiltərə, Almaniya, Skandinaviya ölkələrində fərqli futbol oynayırlar. İspaniya futbolu isə bu ölkələrdən fərqlənir. Düzdür, bizim İspaniya kimi oynamağa, onlara çatmağa hələ çox var. Son görüşlərdə olduğu kimi oynasaq, yığmamıza çox çətin olacaq. Bu, təkcə İspaniya ilə yox, bütün rəqiblərlə görüşə aiddir. Sanki bizimkilər qorxa-qorxa oynayırlar.

- 90-cı illərdə İspaniyada çıxış etdiyiniz zaman Azərbaycan haqda nə düşünürdülər?
- Sözün düzü, o vaxt Azərbaycanı yaxşı tanımırdılar. Mənə rus kimi baxırdılar, amma vəziyyəti onlara başa salırdım. Əvvəl Rusiyadan başlayıb, sonra Azərbaycana keçirdim. Deyirdim ki, belə bir ölkə var. İspanlar da yavaş-yavaş bizimlə maraqlanırdılar. Soruşurdular ki, Azərbaycan haradadır, nəyi var? Onlar hər şeylə maraqlanırlar.

- Sizcə, Azərbaycan futbolu onların təsəvvüründə necə idi?
- İspanlar demək olar Azərbaycan futbolunu tanımırlar. Futbolumuz haqda çox az məlumatları var. İspaniyada oynayan yeganə azərbaycanlı futbolçu mən olmuşam, məni də az tanıyırdılar. Həmişə soruşurdular ki, Avropada oynayan başqa azərbaycanlı var, yoxsa yox? Cavab verirdim ki, hələlik yoxdur.

- İspan futbolçulardan indiyədək müntəzəm əlaqə saxladığınız varmı?
- Yox. İndiki ispan futbolçuların çoxu cavandır. Bakıya gələnlərdən demək olar heç kimlə şəxsi tanışlığım yoxdur. Yalnız İspaniya Futbol Federasiyasının İdman və Texniki direktoru Fernando Yerronu tanıyıram.

- Onunla tanışlığınız necə yaranıb?
- Hərdən veteran futbolçuların görüşünə birgə oynamışıq. Yerronu hələlik Bakıda görməmişəm. İspaniya yığmasının düşərgəsinə gedib onunla görüşüb, söhbətləşəcəyəm. İspanca sərbəst danışa bilirəm.

- Necə hesab edirsiniz, Yerro sizi xatırlayarmı?
- Bəli. Çünki Azərbaycana gəlməmişdən öncə onunla bir yerdə olmuşam. Mən Vətənə qayıtmamışdan öncə veteranların heyətində oynamışdım və Yerro da İspaniyada keçirilən həmin görüşdə iştirak edirdi. Sonradan hamımız bir yerdə şam yeməyi yedik.

- İspaniya və Azərbaycan yığmalarını siz oynadığınız vaxtla müqayisə edəndə hansı qənaətə gəlirsiniz?
- Onlar xeyli gücləniblər, futbolçuları, komandaları artırıb. Təsadüfi deyil ki, Avropa çempionu oldular. Bizdə isə tərsinədir, zəifləmişik. Yəni, SSRİ dağılandan sonra geriləmişik. Sovet dövründə hara baxırdın, orda futbol oynayırdılar. İndi isə...

- Əvvəllər İspaniya kimi güclü komandalar Azərbaycanla yoldaşlıq görüşü keçirməyə razılaşmırdılar. Yəqin ki, o vaxtlar siz də belə güclü yığmalara qarşı oynamağı çox arzulayırdınız...
- Təbii ki, İspaniyanın reytinqi çox yüksək olduğundan, onlara qarşı oynamaq asan deyil. Əlbəttə ki, futbolçu karyeramda ispanlara qarşı oynamağı hamı kimi mən arzulayırdım. Böyük komandalarla görüşmək bütün futbolçuların arzusudur. Bu zaman həm öz, həm də rəqibin səviyyəsinə baxırsan.

- Avropa çempionları ilə görüşmək futbolçularımız üçün əla bir şansdır. Milli komandamızdakı gənc həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Bizimkilər özlərini elə aparmalıdırlar ki, futbolçu olduqlarını göstərsinlər. Həmişə demişəm ki, güclü komanda ilə oynasan, özünü daha güclü hiss edəcəksən. Zəiflə görüşdən isə səviyyə qaldırmaq olmaz. Zəiflərlə yaxşı oynasaq da, yuxarı qalxmaq çətindir.

- İspaniya yığması Bakıdan Cənubi Afrika Respublikasında keçiriləcək Konfederasiyalar Kubokuna yollanacaq. Belə olan halda, baş məşqçi Visente del Boskenin əvəzedici heyəti buraxması, oyuna öz təsirini göstərə bilərmi?
- Yox. Düzdür, Andreas İniyesta oynamasa da, İspaniyanın elə sistemi var ki, meydana kim çıxırsa-çıxsın, oyunları həmişə dəyişməz qalır.
0