Ronaldo “Neftçi”nin futbolçusuna qarşı oynayacaq?
09.06.2009 - 10:07
Ronaldo “Neftçi”nin futbolçusuna qarşı oynayacaq?
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo Bakının “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlova qarşı oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi zədə ucbatından yığmasının Estoniya ilə sabah səfərdə keçirəcəyi yoldaşlıq görüşünü buraxmalı olacaq.

Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilmiş Ronaldo ümumiyyətlə, Tallinə gəlməyəcək. Kruqlovun heyətində yer aldığı Estoniya yığması mayın 29-da Uelslə səfər (0:1), iyunun 6-da isə Ekvatorial Qvineya ilə evdə (3:0) keçirdiyi yoldaşlıq görüşündən sonra növbəti yoxlama oyununda portuqallarla üz-üzə gələcək.

Ronaldonun yığmadakı komanda yoldaşı Simao Sambroza da zədə üzündən Tallindəki görüşdə iştirak etməyəcək. Portuqaliya milli komandasının həkimi Enrike Cons bildirib ki, Kriştianu qasıq nahiyəsindən, Simao ombasından xəsarət alıb. Yığmanın heyətlə bağlı problemləri bu iki futbolçu ilə bitmir. Belə ki, Deku, Joa Moutinyo və Joze Bosinqva da Kruqlovun komandasına qarşı oynamayacaq. Bu üç portuqal oyunçunun nəyə görə yığmadan kənarda qalması açıqlanmır.
0