Pavlyuçenko: Bir daha Azərbaycana qarşı oynadığımız kimi oynamayacağıq
09.06.2009 - 10:34
Pavlyuçenko: Bir daha Azərbaycana qarşı oynadığımız kimi oynamayacağıq
“Ümid edirəm ki, bir daha Azərbaycan və Lixtenşteyn yığmalarına qarşı oynadığımız kimi oynamayacağıq. Mən buna yalnız ümid etmirəm, demək olar, əminəm”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının hücumçusu Roman Pavlyuçenko deyib.

İngiltərənin “Tottenhem” klubunun da şərəfini qoruyan 27 yaşlı futbolçu yığmanın heyətində Azərbaycan milli komandası ilə martın 28-də Moskvada keçirilmiş dünya çempionatının seçmə matçında (2:0) cərimə zərbəsindən vurduğu qolla hesabı açıb. Pavlyuçenko həm yığmamız, həm də Lixtenşteyni (1:0) məğlub etdikləri görüşdə parlaq oyun göstərmədiklərini bildirib. Ancaq Roman sabah Helsinkidə Finlandiyaya qarşı keçiriləcək rəsmi matç öncəsi buna görə narahatçılıq keçirmir: “Axı, Azərbaycan və Lixtenşteynlə oyunlara tam köklənməmiş çıxmışdıq. Halbuki başa düşürdüm ki, arxayınlaşmaq olmaz. Ancaq istənilən halda, öz səviyyənin bu iki yığmadan üstün olması ilə bağlı fikirlər var idi. İndi belə şey qeyri-mümkündür. Hazırda Finlandiya yığması əsas rəqibimizdir. Buna görə arxayınlaşmanın olmayacağı dəqiqdir. Mən sizə bunu təminat verirəm”.
0