Udanda da, uduzanda da ruslar Azərbaycan yığmasını tərifləyir
09.06.2009 - 12:17
Udanda da, uduzanda da ruslar Azərbaycan yığmasını tərifləyir
İspaniyanın Kastilyon-de-la-Plana şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə oyunlarında Azərbaycan yığmasının oyunu diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ruslar Emil Cabbarovun rəhbərlik etdiyi kollektivin çıxışını tərifləyiblər. Rusiyanın çimərlik futbolu ilə bağlı ən operativ saytı www.beachsoccer.ru saytı milli komandamızın ünvanına xoş sözlər işlədib.

Yığmamız ilk turda Portuqaliyaya 4:6 hesabı ilə uduzsa da, xoş təsir bağışlayıb: “Emil Cabbarovun yetirmələri çimərlik futbolunda dəb müəyyənləşdirən Portuqaliyaya qarşı layiqli müqavimət göstərdilər. Rəqibin ad-sanından çəkinməyən azərbaycanlılar müdafiədə yaxşı oynayır, sürətli əks-hücumlar qururdular. Hətta ikinci hissədə bir müddət hesab 3:3 idi. Məğlubiyyətə baxmayaraq, Azərbaycan komandası öz oyunu barədə yaxşı təəssürat oyatdı”.

Dünən Almaniya üzərində 5:2 hesabı qələbə qazanan milli komandamız yenə tərifə layiq görülüb: “Almaniyada çimərlik futbolu yığmasının nüfuzu klassik futbol komandası ilə müqayisədə aşağı səviyyədə olsa da, bu, Azərbaycanın qələbəsinə xələl gətirmir. İndi Cabbarovun drujinası bir ayağı ilə 1/8 finaldadır. Bu isə komanda üçün minimum vəzifədir”.

Futbolçularımız bu gün qrup mərhələsinin son turu çərçivəsində avstriyalıları sınağa çəkəcəklər. Hazırda yığmamız 3 xalla 2-ci pillədə qərarlaşıb. Qrupda ilk iki pilləni, eləcə də ən yaxşı nəticələrlə 3-cü yeri tutan komandalar növbəti mərhələyə adlayır. Ümumiyyətlə, İspaniyada 26 kollektiv 7 qrupda 5 vəsiqə uğrunda mübarizə aparır.
0