Əfsanəvi futbolçu “Azercell”in baş ofisində
09.06.2009 - 12:12
Əfsanəvi futbolçu “Azercell”in baş ofisində
Əfsanəvi futbolçu, Madrid “Real”ının sabiq müdafiəçisi, hazırda İspaniya Futbol Federasiyasının İdman və Texniki direktoru vəzifəsində çalışan Fernando Yerro Bakıya səfəri çərçivəsində bu gün “Azercell”in baş ofisinə gələrək, şirkətin prezidenti Ali Ağanla görüşüb. Apasport.az saytının məlumatına görə, görüş zamanı Azərbaycanda futbolun inkişafı perspektivləri və özəl sektorun idmana dəstəyinin vacibliyi müzakirə edilib. Eyni zamanda Yerro “Azercell” futbol komandası ilə də tanış olub.

Bu gün qonaq Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya arasında yoldaşlıq görüşünü izləyəcək ki, bu matç "Azercell"in sponsorluğu ilə AzTV-də canlı yayımlanacaq. Sözügedən şirkət iyunun 2-də Kayseridə Türkiyə - Azərbaycan, iyunun 6-da isə Bakıda keçirilmiş Azərbaycan - Uels oyunlarının da yayım sponsoru olub. Bu qarşılaşmalar müvafiq olaraq, ANS və AzTV telekanalları vasitəsilə canlı yayımlanıb.

Xatırladaq ki, “Azercell Telekom” MMC ilə AFFA arasında imzalanan müqavilənin şərtlərinə görə, şirkət Azərbaycanda futbolun inkişafına dəstək verən hər bir layihədə iştirak edəcək. Əsasən də uşaq futbolunun inkişafına dair layihələrin reallaşmasına yardım göstəriləcək. Bundan əlavə, “Azercell” AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol oyunlarının televiziya ilə yayımına da maddi dəstək verəcək. Bu mobil operatorun abonentləri istənilən futbol oyunu haqqında SMS vasitəsilə əvvəlcədən elanlar alacaqlar.

“Azercell Telekom” Azərbaycanda futbolçuların reklamına da xüsusi diqqət ayıracaq. Hətta scratch kartlar üzərində futbolçularımızın rəsmlərinin çap olunması da nəzərdə tutulub.
0