Gülməli iddia: Rəşad Sadıqov İspaniya ilə matça çıxa bilməz!?
09.06.2009 - 13:56
Gülməli iddia: Rəşad Sadıqov İspaniya ilə matça çıxa bilməz!?
Azərbaycan futbol yığmasının bu gün İspaniyaya qarşı keçirəcəyi tarixi matçdan öncə ortaya gülməli iddia atılıb. Guya milli komandamızın kapitanı iyunun 2-də Türkiyə ilə yoldaşlıq görüşündə qırmızı vərəqə aldığı üçün bu gün ispanlarla analoji oyunda çıxış edə bilməz. Özü də bunu yığmamızın baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcının fikrincə, mövcud qaydalar Rəşadın bu gün meydançaya çıxmasına imkan vermir. Onun növbəti sözlərinə isə izah tapmaq müşkül məsələdir: “Əgər Sadıqov İspaniya ilə görüşdə oynasa, avqustun 12-də Bakıda Almaniyaya qarşı rəsmi matçı buraxmalı olacaq”.

Görəsən, Foqts bu açıqlamaları verərkən, nəyə əsaslanıb? Axı, yoldaşlıq görüşündə qeydə alınan qırmızı vərəqəyə görə hər hansısa futbolçu diskvalifikasiyaya məruz qalmır! İndiyədək dünyanın heç bir yerində belə hala rast gəlinmədiyi vaxtda, Foqts birdən-birə niyə bu cür danışır? Bəlkə yaş öz işini görür? Hər halda, Bakıda Uels yığmasına məğlubiyyətə qədər almaniyalının yaşından şikayət etdiyini eşitməmişik. Deməli, o, ya növbəti dəfə mətbuatı ələ salır, ya da Uelsə məğlubiyyətin şokundan ayılmayıb...

Apasport.az saytı isə faktları ortaya qoyur. Bu vaxta qədər milli komandamızın yoldaşlıq görüşlərində 5 futbolçumuz qırmızı vərəqə alıb. Meydandan qovulan futbolçulardan 4-ü heç nə olmamış kimi, növbəti oyuna çıxıb, mübarizə aparıblar. Yalnız bir dəfə, ötən il Berti Foqts əvvəlki matçda qırmızı ilə cəzalandırılmış Rail Məlikova qeyri-müəyyən səbəbdən növbəti oyunda şans verməyib.

Qırmızı vərəqəyə görə diskvalifikasiya iddiası absurddur. Elə fikrini öyrəndiyimiz mütəxəssislər bunu bildiriblər. Ölkəmizin beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev belə qaydaların mövcud olmadığını söyləyib: “Mən təcrübəmdə heç vaxt hala rast gəlməmişəm”.

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da Rəşad Sadıqovun cəzalandırılması məsələsinin həqiqətəuyğun olmadığını vurğulayıb. O bildirib ki, yoldaşlıq görüşündə verilən qırmızı vərəqənin rəsmi və ya qeyri-rəsmi matç olmasından asılı olmayaraq, növbəti oyunlara aidiyyatı yoxdur.

24 iyun 1998-ci il. Tallin. Azərbaycan - Andorra - 0:0
Qırmızı vərəqələr: Rasim Abuşov, 77; Aslan Kərimov, 86.

Hər iki futbolçu növbəti oyunda, iyunun 26-da Tallində Litvaya qarşı oyunda (2:1) forma geyinib. Özü də yığmamızın qollarından birini Abuşov vurub. Aslan Kərimov isə 90 dəqiqə meydanda olub.

6 iyul 2002-ci il. Riqa. Latviya - Azərbaycan - 0:0
Qırmızı vərəqə: İlham Yədullayev, 50.

Yədullayev avqustun 8-də Tehranda İranın U-23-nə (2:2) qarşı matçda start heyətdə yer alıb və 48 dəqiqə oynayıb.

14 dekabr 2003-cü il. Dubay. BƏƏ - Azərbaycan - 3:3
Qırmızı vərəqə: Tərlan Əhmədov, 75.

Milli komandanın kapitanı bundan 3 gün sonra keçirilmiş növbəti oyunda, Omanla (0:1) görüşdə yenə kapitan olub, yenə 90 dəqiqə mübarizə aparıb.

8 aprel 2004-cü il. Almatı. Qazaxıstan - Azərbaycan - 2:3
Qırmızı vərəqə: Samir Abbasov, 78.

Qazaxlarla oyunu yarımçıq dayandırmasına baxmayaraq, Samir mayın 28-də Bakıda Özbəkistanla (3:1) qarşılaşmada bütün 90 dəqiqəni iştirak edib.

15 oktyabr. Manama. Bəhreyn - Azərbaycan -1:2
Qırmızı vərəqə: Rail Məlikov, 44.

Mövcud qaydalara əsasən, Railin oynamasına qadağa qoyulmasa da, Berti Foqts 19 noyabrda Albaniya ilə görüşdə (1:1) onu ehtiyatda saxlayıb.
0