Qurbanov AFFA-dan medalını ala bilməyib
09.06.2009 - 17:10
Qurbanov AFFA-dan medalını ala bilməyib
Azərbaycanın ən titullu futbolçusu, 10 qat ölkə çempionu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- “Bakı” klubunun heyətində Azərbaycan çempionluğunu qazandıqdan sonra istirahətə buraxıldınız. İstirahətiniz necə keçdi?
- Yaxşı. Ailəmlə birgə qısa müddətli olsa da, ölkə xaricində istirahət etdik.

- Dincəlmək üçün Antalyaya getmişdiniz, yoxsa?
- Xeyr, başqa ölkə idi, amma ad çəkmək istəmirəm.

- Komanda rəhbərliyi xidmətinizdə maraqlıdır və sizinlə yeni müqavilə imzalayacaq...
- Lap yaxşı. Elə mən də bu klubla müqavilə bağlamaq istərdim.

- Ümumiyyətlə, başqa variantlar varmı?
- Vallah, başqa variant deyəndə ki, ölkəyə yeni gəlmişəm. Yəqin ki, “Bakı”da qalacağam. Rəhbərlik bunu istəyirsə, komandada çıxışımı davam etdirəcəyəm.

- Apasport.az saytı rekordunuzu araşdırmaq üçün Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasına (İFFHS) rəsmi məktub göndərib. Bu göstəriciniz İFFHS prezidenti Alfredo Pojenin da diqqətini çəkib, onun böyük marağına səbəb olub.
- Müraciətinizlə ölkə kənarına çıxmamışdan öncə tanış olmuşdum. İFFHS prezidentinin haqqımda yaxşı sözlər deməsindən xəbərdaram.

- Poje deyir ki, Qurbanov, əslində 10 yox, 12 qat Azərbaycan çempionu olmalıdır... Yəni 1996/97 mövsümündə “Neftçi”də çıxış etdiyiniz zaman AFFA əvəzedicilərin çempionatını da nəzərə alaraq “Qarabağ”ı çempion saydı. Halbuki, UEFA çempion saydığı “Neftçi”nin Çempionlar Liqasında iştirakına icazə verdi. 2001/02 mövsümündə isə çempionat yarımçıq dayandırıldığı üçün “Şəmkir”lə çempionluq əlinizdən alındı...
- O biri çempionluqlarım da sayılsaydı, lap əla olardı ki... Birincisi, saytınıza, sizin timsalınızda bütün jurnalistlərə dərin minnətdarlığımı bildirirəm ki, bunu işıqlandırırsınız. Sağ olun ki, bu mövzunu qaldırmısınız. İFFHS rəhbərinə də minnətdaram ki, bu məsələni araşdırır. Bu, həm mənim üçün yaxşıdır, həm də Azərbaycan futbolu üçün. Yəni, hansısa futbolçumuzun adı bir yerdə qeyd olunar.

- Sizin mövqeyiniz necədir, özünüzü 12 qat Azərbaycan çempionu sayırsınızmı?
- Mən heç onları fikirləşmirdim. Yarımçıq qalan çempionluğu deyə bilmərəm, ancaq 1996/97 mövsümündə biz “Neftçi” ilə 1-ci olanda əvəzediciləri qataraq, “Qarabağ”ı çempion etdilər. Ancaq, əslində biz çempion olmuşduq. Hər halda, Çempionlar Liqasında “Neftçi” oynadı, “Qarabağ” yox.

- Elə İFFHS prezidenti də bu fikirdədir və həmin vaxt çempion kimi “Neftçi”ni qəbul edir...
- O vaxt bizim federasiya komandamızın çempion olmasını saymadı. Ancaq belə fikirləşirəm ki, “Neftçi”nin çempionluğu nəzərə alınmalı idi. Çünki Çempionlar Liqasında ölkəmizi bu komanda təmsil etdi. “Neftçi” çempion kimi sayılsaydı, yaxşı olardı. Yəni, bir il çəkdiyimiz zəhmət hədər getməzdi.

- Ancaq həmin mövsüm öncə AFFA rəhbərliyi klublarla görüşərək, sonda əvəzedici komandaların da nəticələrinin nəzərə alınacağını bəyan etmişdi. Hətta klublar buna razı olduqlarını sənədə imza atmaqla göstərmişdilər. Həmin vaxt sizə bu haqda məlumat verilmişdi?
- Vallah, bilmirəm. Həmin mövsüm çempionatı belə keçirdilər də, əvəzedicilərin nəticələrini də əsas komandaya qatdılar. AFFA çempionluğumuzu tanımadı.

- “Qarabağ” qızıl medalçı oldu. O vaxt sizə gümüş medal verdilərmi?
- Səhv etmirəmsə, heç onda medal da vermədilər.

- Vermədilər, yoxsa götürmədiniz?
- Məncə, vermədilər. Bundan sonra “Neftçi” iki yerə parçalandı və Çempionlar Liqasında yeniləşən, əsasən gənc futbolçulardan ibarət komanda çıxış etdi. Əlbəttə, belə götürəndə, həmin vaxt çempion “Neftçi” idi də.

- İFFHS yarımçıq qalan 2001/02 mövsümün araşdırmasına əsasən üç variantın olduğunu və istənilən halda, “Şəmkir”in çempion sayılmasının vacibliyini bildirir. Yəni, əsas mərhələdə də, yarımçıq qalan “altılıq”da da və alternativ çempionatda da qalib sizin də heyətində yer aldığı “Şəmkir” olub...
- Doğrudur. Həmin vaxt “altılıq” yenicə başlamışdı ki, çempionat yarımçıq dayandırıldı. Cəmi 2-3 oyun keçirmişdik. Yadımdadır, həmin vaxt “Şəmkir” 1-ci yerdə idi. Həmin mövsümə görə çempionluğu saysaydılar, əla olardı. Əgər İFFHS rəhbəri belə deyirsə, bu, yaxşı haldır. Mən də başqa nə deyim?

- Hesab etmirsiniz ki, qazandığınız həmin iki çempionluq əlinizdən gedib?
- Yarımçıq qalan çempionatı deyə bilmərəm. Ancaq düşünürəm ki, “Neftçi” ilə o vaxt qazandığımız halal çempionluq idi və bunu əlimizdən aldılar. Heç yerdə əvəzedicilərin nəticələrini çempionatda əsas komandanın göstəricilərinə qatmırlar.

- İFFHS bununla bağlı FİFA-ya rəsmi müraciət edib. Ali futbol qurumu bu məsələdə milli assosiasiyanın qərar qəbul etməsinin vacibliyini bildirir. Pojenin fikrincə, qeyri-müəyyənliyi AFFA aradan qaldırmalıdır.
- Sözün düzü, ümid edərdim ki, bu məsələ sona qədər araşdırılsın və düzgün qərar çıxarılsın. Düzgün qərar çıxarılsın deyəndə ki, AFFA-nın o vaxtkı rəhbərliyi başqa idi, indikilər başqa.

- Hər halda, rəhbərlik ayrı olsa da, AFFA bir təşkilat kimi artıq 17 ildir fəaliyyət göstərir...
- Doğrudur. Federasiyaya müraciət edərdim ki, bu işə yenidən baxsınlar.

- Şəxsi rekordunuz həm də ona görə İFFHS rəhbərliyinin diqqətini çəkib ki, 6 müxtəlif klubla çempion olmusunuz. Bu, onlar üçün görünməmiş bir haldır...
- (gülür). Lap yaxşı. Sevinirəm ki, belə nailiyyətim xaricilərin də diqqətini cəlb edib.

- İki illik fasilədən sonra Çempionlar Liqasının iştirakçısı olacaqsınız. “Bakı”nın gələn ayın ortasında startı veriləcək bu məsul turnirdə perspektivinə necə baxırsınız?
- Bu, ilk növbədə bizə düşəcək rəqibdən asılıdır. İkincisi, düşünürəm ki, komanda baş məşqçi Qyoko Hacıyevskinin rəhbərliyi atlında turnirə yaxşı hazırlaşacaq. Çünki klubumuzun prezidenti Hafiz Məmmədov da Çempionlar Liqasında imkan daxilində çox irəliləməyimizi istəyir. İnşallah, yaxşı olar. Ümid edirəm ki, turnirdə bacardıqca irəli gedəcəyik.

- Təbii ki, Çempionlar Liqasında güclü rəqiblər olacaq və heyətinizi gücləndirmək lazımdır...
- Yəqin ki, rəhbərlik bu haqda düşünür və yeni transferlər olacaq.
0