Berti Foqts günahını etiraf etdi
09.06.2009 - 23:03
Berti Foqts günahını etiraf etdi
“İspanları qələbə münasibətilə təbrik edirəm. Onlara minnətdaram ki, Bakıya gəlib belə oyun nümayiş etdirdilər”. Apasport.az saytınınməlumatına görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdur.

İspaniyaya 0:6 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında alman çalışdırıcı vurğulayıb ki, bu oyun onun üçün dərs oldu: “Bu bizim üçün yaxşı bir dərs oldu. Belə oyunlarda yalnız öyrənə bilərik. İspanların məqsədi Konfederasiyalar Kubokuna yaxşı hazırlaşmaq idi. Biz isə son 8 gündə 3 oyun keçirdik. Yorğunluq öz təsiri göstərdi. Yorğunluq futbolçularda ikinci hissədə hiss olunurdu. Hesab edirəm ki, oyun bizim üçün vacib olsa da, nəticədən razı qalmadım”

Foqts nəticəyə də toxunub. Onun fikrincə, görüşün ədalətli nəticəsi 0:4 idi: “İki top artıq buraxdıq. Mən oyuna baxıb belə qənaətə gəldim. Bu, o demək deyil ki, biz buna razılaşmışdıq. Missiyam Azərbaycanda futbolun səviyyəsini qaldırmaqdır. AFFA prezidenti və baş katibi bunu istəyirsə, onlara kömək etməyə hazıram. Almaniyada adi bir klubda da işləyə bilərdim. Burda isə ağır bir işin altına girmişəm. Günahımı boynuma alıram, qol vura bilmirik. Uduzuruq və buna etiraf edirəm. Amma bizə qol vurmaq üçün həm vaxt, həm də bəxt lazımdır”.
0