Azərbaycan yığması İspaniyanı dünya rekordçusu etdi
10.06.2009 - 10:31
Azərbaycan yığması İspaniyanı dünya rekordçusu etdi
Azərbaycan milli komandası İspaniya yığmasını dünya rekordçusu edib. Apasport.az saytının məlumatına görə, Avropa çempionları Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş yoldaşlıq görüşündə 6:0 hesablı qələbə qazanmaqla, məğlubiyyətsiz oyunlar seriyasını 32-yə çatdırıb.

Visente del Boskenin rəhbərlik etdiyi kollektiv 31 matçda məğlubiyyət acısı dadmayan Argentina və Macarıstan komandalarını üstələyib. Düzdür, planetin ən titullu yığması, beşqat dünya çempionu Braziliya üst-üstə 35 qarşılaşmada uduzmayıb. Ancaq bura 1995-ci il Amerika Kubokunun finalında Uruqvaya oyunsonrası penaltilər seriyasında məğlubiyyət də daxil edilib. Yəni, yalnız əsas və əlavə vaxtın hesabını nəzərə alsaq, dünya rekordçusu İspaniya yox, Braziliyadır.

Qeyd edək ki, milli komandamızla görüşdə İspaniya yığmasının hücumçusu David Vilya ilk hissədə het-trik edib. Fasilədən sonra Albert Riera, Daniel Quiza və Fernando Torres hərəyə bir qol vurub.
0