“İstefa ərizəsini çoxdan yazmışdım”
10.06.2009 - 11:53
“İstefa ərizəsini çoxdan yazmışdım”
Bakının “İnter” klubunun baş məşqçi postundan uzaqlaşdırılan Valentin Xodukinin apasport.az saytına müsahibəsi

- Komandanın İdarə Heyətinin iclasında çıxarılan qərarla baş məşqçi postundan uzaqlaşdırıldınız. Bunu necə qarşıladınız?
- Mövsüm bitəndən sonra istirahət məqsədilə qısa müddətli vətənimdə oldum. Dünən Bakıya qayıtdım və rəhbərliklə görüşdüm.

- Konkret kiminlə, komandanın himayədarı Cahangir Hacıyevlə?
- Bəli, onunla şəxsi görüşüm oldu. Söhbətləşdik, görülən işləri müzakirə etdik. Sonda çıxarılan qərara əsasən baş məşqçi postunda dəyişiklik edildi və məni klubda başqa vəzifəyə keçirdilər.

- 2005-ci ilin mayında “İnter”də fəaliyyətə başladınız. Son üç ildə isə baş məşqçi oldunuz. Komandanın sükanı arxasında fəaliyyətinizi necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, “İnter”i çalışdırdığım müddətdə bir iz buraxdım. Hər halda, Azərbaycanda çempion, ümumiyyətlə, titul qazanan ilk əcnəbi mütəxəssis oldum. Elə sizin saytınız vasitəsilə bu komandada 50 qələbə qazandığımı öyrəndim. Fikrimcə, bu, elə də pis göstərici deyil. Bu müddətdə komanda aparıcı sıralarda oldu, potensial lider sayılır. Hesab edirəm ki, bütün bunlar təkcə mənim yox, bütün briqadanın xidmətidir.

- Ancaq sonda baş məşqçi postundan kənarlaşdırdınız...
- Rəhbərlik işimi sərt qiymətləndirdi. Bundan sonra daha baş məşqçi işləməyəcəyəm.

- Niyə?
- Həm çempion, həm də kuboku qazanmağımızı istəyirdilər. Biz isə hər iki turnirdə 2-ci olduq. Bu isə uğur sayılmır. Məni sevindirən odur ki, rəhbərlik həm çempionatda, həm də kubokda 2-ci olmağı uğur kimi qəbul etmir. Deməli, bizim vaxtımızda görülən iş hədər olmayıb və klubun iddiası artıb. Bunun da nəticəsidir ki, “İnter” 2-ci olmaqla kifayətlənməyərək, ölkə daxilində çıxış etdiyi hər turnirdə 1-ci olmaq istəyir. Bax, bu çox sevindiricidir.

- Ancaq həm çempionatda, həm də kubokda son anda büdrəməyiniz sizə baha başa gəldi.
- Bilirsiniz, dünyada o qədər mütəxəssislər – Fabio Kapello, Joze Mourinyo və digər tanınan mütəxəssislər istefaya göndərilib ki... Bunu deməklə, özümü onlar sırasına daxil etmirəm. Sadəcə, məşqçilik strukturunda istefalar baş verir və bu, normal qarşılanır. Əslində, mən istefa ərizəsini çoxdan yazmışdım.

- Nə vaxt?
- Azərbaycan kubokunun finalından bir gün sonra. Gördük ki, mövsüm üçün əsas vəzifəni yerinə yetirməmişik. Deməli, belə olan halda, ərizə yazmaq daha doğru olardı. Əsas odur ki, işimizi keyfiyyətli gördük və rəhbərlik də bunu düzgün qiymətləndirdi. Mənə işimdə məhdudiyyət qoyulmamışdı, əksinə, sərbəstlik verilmişdi.

- Hər halda, rəhbərlik sizi komandadan tam uzaqlaşdırmadı. Bundan sonra klubda menecer vəzifəsində fəaliyyətinizi davam etdirəcəksiniz. Bu təyinat necə reallaşdı?
- Dedilər ki, sənə futbolu bilən bir insan kimi qiymətləndiririk. Mənə əməkdaşlıq davam etdirməyi təklif etdilər. Razılaşdım və mənə bu vəzifəni verdilər.

- Məşqçilər korpusunda yer alanlar, kiçik qardaşınız da “İnter”də qalır, yoxsa?
- Hələlik qalan mənən. Köməkçilərimlə bağlı bir şey deyə bilmərəm. Buna yeni baş məşqçi, rəhbərlik qərar verəcək.

- Kaxaber Sxadadzeni Bakının “Standard” klubunda işlədiyi dövrdən yaxşı tanıyırsınız. Onun baş məşqçi postuna təyinatı ilə bağlı nə deyə bilərsiniz?
- Mən ümumiyyətlə, “İnter”in bütün baş məşqçilərinə uğurlar arzulayıram.

- Komanda iyulun 2-də Avroliqada mübarizəyə başlayaq. Bir təcrübəli mütəxəssis kimi, necə fikirləşirsiniz, 41 yaşlı Sxadadze qısa müddətdə komandanı həmin turnirə hazırlaya biləcəkmi?
- Mən bu haqda fikir yürüdə bilmərəm.
0