“Mircavadov-Hacıyev” cütünün antirekordu yenilənmədi
10.06.2009 - 23:12
“Mircavadov-Hacıyev” cütünün antirekordu yenilənmədi
Azərbaycan milli komandaları antirekorda imza ata bilməyib. Apasport.az saytının araşdırmalarına görə, iki gün ərzində yoxlama oyunları keçirən ölkəmizin əsas və 21 yaşlılardan ibarət yığmaları üst-üstə 13 qol buraxsa da, bu futbol tariximizdə ən pis nəticə deyil.

İyunun 8-də İngiltərədə həmyaşıdlarına 0:7 hesabı ilə uduzan U-21-in ardından - ayın 9-da əsas komandamız Bakıda İspaniyaya yenildi – 0:6. Müvafiq olaraq, bu komandaları çalışdıran almaniyalı mütəxəssislər Bernard Lippert və Berti Foqts birlikdə yetirmələrinin 13 qolunu “həzm etmişdi”. Bu nə qədər acınacaqlı nəticə olsa da, Azərbaycan futbolunun 17 illik tarixində bundan da ağır gün olub.

Əvvəllər də əsas və gənclər yığmasının ardıcıl iki gün ərzində oynaması adi hal idi. Özü də hər iki komanda seçmə mərhələdə eyni ölkə təmsilçisi ilə qarşılaşırdı. Elə yoldaşlıq matçlarında da U-21 və milli ardıcıl iki gün Azərbaycanı təmsil etmək şərəfinə nail olub. Amma heç də həmişə bunu layiqincə bacarmayan futbolçularımız 13 il əvvəl bu dəfəki 13 qoldan da ağır zərbə alıb.

Həmin vaxt yığmalarımız 15 qol buraxıb. Maraqlıdır ki, Azərbaycanın əsas və gənclərdən ibarət yığmalarının 0:15 hesabı ilə nəticələnən oyunları iki yox, bir gündə keçirilib. 1996-cı il sentyabrın 6-da keçirilən 21 yaşlıların duelində Valeri Hacıyevin yetirmələri 5, əsas komandaların oyununda isə Ağasəlim Mircavadovun komandası Fransaya 10 cavabsız qol buraxmışdı. Bir sözlə, Foqtsla Lippert Mircavadovla Hacıyevə çata bilmədi.
0