Teli “Qarabağ”ın tarixinə düşdü
11.06.2009 - 09:54
Teli “Qarabağ”ın tarixinə düşdü
Çərşənbə günü milli komandaların iştirakı ilə 4 yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmaların üçündə Azərbaycan Premyer Liqasında oynayan futbolçular da iştirak edib. Çempionatımızın təmsilçilərinin meydana çıxdığı görüşlərin hamısı heç-heçə bitibsə, digər matçda İtaliya Yeni Zelandiyanı 4:3 hesabı ilə məğlub edib.

Estoniya yığmasının heyətində növbəti oyununu keçirən Dmitri Kruqlov daha güclü Portuqaliyaya qarşı oynamaq imkanı qazanıb. Bakının “Neftçi” klubunun futbolçusu zədəli Kriştianu Ronaldonun olmadığı rəqiblə görüşün yalnız son 19 dəqiqəsində meydana çıxıb. Bu oyunda meydan sahibi olan estoniyalılar güclü rəqibinə uduzmayıb – 0:0.

“Qarabağ”a keçdiyi gündən Albaniya milli komandasının heyətinə düşə bilməyən Admir Teli isə nəhayət ki, ağdamlıların təmsilçisi kimi ilk oyununa çıxıb. Müdafiəçi komandasının Gürcüstanla öz meydanındakı matçın iştirakçısı olub. Ümumilikdə, millidə 5-ci oyununu keçirən Teli yalnız 80-ci dəqiqədə meydana çıxsa da, klubunun xarici ölkə yığmasında meydana çıxan ilk futbolçusu kimi tarixə düşüb.

Belarus və Moldova milli komandalarının oyununda isə Premyer liqa təmsilçisi qonaq qismində meydana çıxıb. “Bakı”nın futbolçusu “Neftçi” və “Qarabağ”ın oyunçusundan fərqli start heyətində yer alıb. Aleksey Savinovun 64 dəqiqə mübarizə apardığı matç 2:2 hesabı ilə baş çatıb.
0