İngilislər dünya çempionatının qızıl medallarını indi aldılar
11.06.2009 - 12:04
İngilislər dünya çempionatının qızıl medallarını indi aldılar
İngiltərə milli komandası dünya çempionatının qızıl medallarını alıb. Apasport.az saytının məlumatına görə, britaniyalı futbolçular bu titulu qazandıqdan 43 il sonra mükafatlarına qovuşublar. 1966-cı ildə azərbaycanlı hakim Tofiq Bəhramovun indiyədək müzakirə olunan qərarları sayəsində AFR-i məğlub edən İngiltərə yığmasının 43 illik mükafat həsrətinə son qoyulub.

Məsələ ondadır ki, o vaxtkı qaydalara görə medallar hər komandanın yalnız 11 futbolçusuna – hakimin final fiti verilən anda meydanda olanlara verilirdi. Məsələn, 90-cı dəqiqədə zədələnərək meydanı tərk edən futbolçu bu vaxtadək lap 5 qol vursaydı da, matç bitən an meydanda olmadığı üçün medal almayacaqdı. Amma 1968-ci ilə qədər əvəzetmələrə icazə verilmədiyindən Londondakı finalda onsuz da hər komandanın 11 oyunçusu iştirak etmişdi.

Lakin 1/2, 1/4 final, həmçinin qrup matçlarında əməyi olanlar quru çempionluqla kifayətlənib medal almamışdı. Həmin hadisədən 43 il sonra Böyük Britaniyanın baş naziri Qordan Braun bu boşluğu aradan qaldırıb. O finalda oynamayanlara - Piter Bonetti, Ron Sprinqett, Cimmi Armfild, Herri Birn, Ron Flaugrs, Norman Xanter, Terri Peyn, İan Kallaqan, Con Konelli, Corc İsthemi və Cimmi Qrivzə mükafatlarını verib. Həlledici qarşılaşmanın iştirakçısı olan Corc Koen yenə medal alıb. Lakin bu dəfə o mərhum baş məşqçi əfsanəvi Ser Alf Ramsinin payına düşən mükafatı götürüb ki, onun ailəsinə təqdim etsin.

Komandasını dünya çempionu edən məşqçi yalnız vəfat edəndən sonra onun medalı verilib. Onun köməkçisi harold Şeperdsonun medalını isə həyat yoldaşı Marqaret və qızı Linda alıb.
0