Azərbaycan və İspaniya yığmaları yenə üz-üzə! - EKSKLÜZİV
11.06.2009 - 12:09
Azərbaycan və İspaniya yığmaları yenə üz-üzə! - EKSKLÜZİV
Futbol üzrə Azərbaycan və İspaniya milli komandaları yaxın 2 ildə növbəti dəfə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı İspaniya Futbol Federasiyasından razılıq alınıb.

“Bakıdakı yoldaşlıq görüşünün təkrarı İspaniyada keçiriləcək. Biz artıq İspaniya Futbol Federasiyasının rəsmiləri ilə bu məsələni razılaşdırmışıq. Yalnız bir halda bu oyun baş tutmaya bilər: gələn ilin fevralında Avropa çempionatının püşkatması zamanı İspaniya ilə eyni qrupa düşməməliyik. Əgər eyni qrupda yer alsaq, yoldaşlıq görüşünün tarixi ondan sonrakı ikiilliyə təyin olunacaq” - deyə Məmmədov vurğulayıb.

Məmmədov onu da bildirdi ki, AFFA və İspaniya Futbol Federasiyası arasındakı əməkdaşlıq çərçivəsində hakimlər və məşqçilərin seminarları da təşkil ediləcək: “Hakimlər məktəbi İspaniyada çox güclüdür. İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar Lyona FİFA və UEFA Hakimlər Komitəsinin sədridir. Razılığa əsasən, bizim hakimlər İspaniyada, onların hakimləri isə burada seminarlar keçirəcəklər. Bundan başqa, məşqçilərimiz İspaniyada keçirilən kurslarda iştirak edəcəklər”.

Qeyd edək ki, milli komandamızın İspaniya ilə ilk görüşü iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin yoldaşlıq matçında yığmamız 0:6 hesabı ilə uduzub.
0