“Mançester Yunayted” Ronaldonu “Real”a satmağa razılıq verdi
11.06.2009 - 13:29
“Mançester Yunayted” Ronaldonu “Real”a satmağa razılıq verdi
İspaniyanın “Real” klubu Kaka və David Vilyanın ardınca Kriştianu Ronaldonun da transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin hədəfində olan 24 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlar yenidən başlayıb.

Hər halda, “Kral klubu”nun rəhbər rəsmiləri portuqaliyalı futbolçunun məxsus olduğu “Mançester Yunayted”lə danışıqlar apardıqlarını təsdiqləyiblər. Müəyyən fasilədən sonra yenidən “Real”ın prezidenti seçilən və ulduz futbolçulara böyük pullar xərcləməsi ilə tanınan Florentino Peres yaxın günlərdə Ronaldonun transferinin reallaşdığını elan edə bilər. Özü də “Real” Ronaldoya görə “Mançester Yunayted”ə 75 milyon funt sterlinq (80 milyon avro) verəcək və ingilislər bu məbləğlə razıdırlar.

Bununla, Ronaldo əfsanəvi Zinəddin Zidanı da arxada qoyaraq, dünyanın ən bahalı futbolçusu olacaq. Bundan əlavə, əgər madridlilər Kriştianunu bu ayın sonuna kimi ala bilməsələr, “Mançester Yunayted” 30 milyon avro kompensasiya ödəməli olacaq.

Ronaldo isə hazırda ABŞ-ın Los-Anceles şəhərində zədədən sonra bərpa prosesi keçir. “Real” futbolçunu müayinə etmək üçün onun yanına həkim göndərib.
0