Premyer Liqa oyunlarına pul qoyuluşu ləğv oluna bilər
11.06.2009 - 13:48
Premyer Liqa oyunlarına pul qoyuluşu ləğv oluna bilər
Dünyanın ən məşhur bukmeker kontorlarından olan “William Hill” bəzi oyunlara pul qoyuluşları qəbul etməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə açıqlama verən şirkət nümayəndəsi Qrem Şarp belə addımın atılmağını danışılmış oyunlardan əziyyət çəkməməklə bağlayıb.

O, oxşar hallara əvvəllər də təsadüf olunduğunu, ötən il İrlandiyanın aparıcı kontoru “Paddy Power”in ölkə çempionatının son turlarının az qala bütün matçlarına pul qoyuluşu qəbul etmədiyini vurğulayıb.

Şarp artıq 2009/10 mövsümündə bu praktikanın İngiltərə Premyer Liqasına tətbiq olunmasının mümkünlüyünü vurğulayıb: “Bu ölkə təmiz oyun prinsiplərinə əməl etməyi ilə ad çıxarıb. Amma biz bütün matçların təmiz idman mübarizəsində keçiriləcəyinə inanmasaq, qarşılaşmalar arasında seçim edəcəyik. Və yalnız bizim lazım bildiyimiz görüşlərə pul qoyuluşu qəbul ediləcək. Digərlərinə isə imtina edəcəyik”.

Qeyd edək ki, 2007/08 mövsümündə “William Hill” Premyer Liqanın bir oyununa pul qoyuluşu qəbul etməkdən imtina etmiş və futbol assosiasiyasını bu barədə məlumatlandırmışdı. Lakin federasiya apardığı araşdırmalardan sonra şübhələrin əsassız olduğunu açıqlamışdı.
0