Mübariz Mənsimova yeni tələb: Santa Kruzu al!
11.06.2009 - 14:32
Mübariz Mənsimova yeni tələb: Santa Kruzu al!
Türkiyənin “Fanatik” qəzetində Superliqanın son qalibi “Beşiktaş” rəhbərliyinin yaxın gələcəkdə görməli olduğu işlər barədə məqalə dərc olunub. Apasport.az saytının məlumatına görə, Orhan Yıldırımın “Tren kaçıyor” (“Qatar gedir”) yazısında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovdan da söz açılıb.

Müəllif qeyd edir ki, “Beşiktaş” rəhbərliyi indi 2 addımı mütləq atmalıdır. Birincisi, baş məşqçi Mustafa Dənizli istefaya göndərilməli, onun yerinə Çempionlar Liqasında iş təcrübəsi olan mütəxəssis gətirilməlidir. İkincisi isə kluba Çempionlar Liqasında oynamış 3 futbolçu transfer edilməlidir.

Yıldırımın fikrincə, əgər maddi cəhətdən sıxıntı olarsa, Mübariz Mənsimova müraciət etmək lazımdır: “Rəhbərlik “3 futbolçunun transferinə gücümüz çatmır” deyə bilər. Bu məsələdə əlini cibinə atacaq bir sıra şəxslər var. Məsələn, Mübariz Mənsimova deyin, Santa Kruzu alsın. Erdal Acardan isə Dieqonun transferini xahiş edərsən. Qalanlarını da klub özü həyata keçirər”.

Paraqvay yığmasının da şərəfini qoruyan 28 yaşlı Santa Kruz uzun müddət “Bavariya”nın formasını geyinib. İstedadlı hücumçu hazırda “Bləkbörn” klubunda oynayır.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan Mənsimov “Beşiktaş”ın İdarə Heyətinin üzvüdür.
0