Berti Foqts Azərbaycan yığmasında necə fərqlənir? - ARAŞDIRMA
11.06.2009 - 16:00
Berti Foqts Azərbaycan yığmasında necə fərqlənir?  - ARAŞDIRMA
Berti Foqts Azərbaycan yığmasının baş məşqçiləri arasında böyük hesabla uduzan 9-cu mütəxəssis oldu. Apasport.az saytının araşdırmasına görə, 17 illik tarixi olan milli komandamızda indiyədək 3 çalışdırıcı böyük hesabla yenilməyib. Bunlar Ələkbər Məmmədov, Nazim Süleymanov və makedoniyalı Qyoko Hacıyevskidir.

Məmmədov yığmanı 4, Hacıyevski 3, Süleymanov 1 oyuna çıxarıb. 14 aydır ölkəmizdə çalışan Foqts milli komandada olan həmkarları arasında ən gec böyük hesabla uduzan məşqçi kimi tarixə qovuşdu. 63 yaşlı alman mütəxəssis yalnız 15-ci matçında böyük zərbə aldı ki, iyunun 9-da İspaniya yığmamızı Bakıda darmadağın etdi – 0:6.

Yeri gəlmişkən, bu baxımdan antirekord Karlos Alberto Torresə məxsusdur. Braziliyalı dünya çempionu komandamızda debüt matçındaca – İsraillə səfərdə keçirilən yoldaşlıq görüşündə 6 cavabsız qol yedi. Torres İqor Ponomaryov və Əsgər Abdullayev kimi 3, Kazbek Tuayev 4, Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Əhməd Ələsgərov hərəyə 5 dəfə böyük hesabla uduzub. İndiyədək 154 görüş keçirən milli komandamızın böyük hesablı məğlubiyyətlərin sayı 33-dür. Bu isə ümumi oyun sayının 21,4 faizi deməkdir.

Yığmamız 33 böyük hesablı məğlubiyyətin 28-ini ölkə kənarında, 5-ini ölkə daxilində - Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda alıb. Əslində, xaricdəki 28 məğlubiyyətin biri ev oyunu sayılır. Məsələ ondadır ki, millimiz ilk seçmə mərhələdə ev oyunlarını vətəndən kənarda, Türkiyənin Trabzon şəhərində keçirib. 33 böyük hesablı yenilginin 25-i rəsmi oyun və 8-i yoldaşlıq görüşünə təsadüf edir. Həmin 25 görüşdən 16-sı Avropa, 9-u dünya çempionatının seçmə mərhələ oyunudur.

Böyük hesablı məğlubiyyətlər arasında ən populyar hesab 0:3-dür. Belə ki, milli komandamız düz 16 dəfə bu hesabla yenilib. Bu isə ümumi oyun sayında demək olar 50 faiz deməkdir.

Yığmamız dörd dəfə 0:5, üç dəfə 0:6, iki dəfə 0:4 və 1:4, bir dəfə 0:10, 0:8, 0:7, 3:6, 1:6, 1:5 hesabı ilə uduzub. Göründüyü kimi, qol vurmayaraq böyük hesabla uduzduğumuz oyunlar arasında 0:9 olmayıb.

Milli komandamız tarixi ərzində 23 yığma ilə görüşüb. İndiyədək Azərbaycanı ən çox böyük hesabla yenən Polşa, Rumıniya və Macarıstan yığmalarıdır – hərəyə 3 dəfə. Polşalılar bu üç görüşdə qapımızdan 16 cavabsız top keçirməklə rəqiblərini qabaqlayır. Macarlar həmin üç böyük hesablı qələbədən ikisini Bakıda qazanıb və bu zaman qapımıza 7 dəfə yol tapıb.

Rumınlar isə bizi səfərdə bir dəfə böyük hesabla yenə bilsə də, bu, Bakıda yox, Trabzonda baş verib. Finlandiya, Slovakiya, Portuqaliya, Malta milli komandamızı hərəyə 2, Fransa, İtaliya, Uels, Norveç, İsveç, Türkiyə, İsveçrə, Makedoniya, Serbiya, Belçika, İspaniya, Bolqarıstan, İsrail, Ukrayna, Gürcüstan və Özbəkistan hərəyə 1 dəfə böyük hesabla məğlub edib. Fransa Azərbaycanı ən böyük hesabla məğlub edən (10:0) yığma kimi tariximizə düşüb.

Milli komandamızı tarixində bir oyuna iki baş məşqçi – Kazbek Tuayev və Ağasəlim Mircavadov çıxarıb. Bu, 15 il öncə Maltaya səfərdə 0:5 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşüdür. Bu nəticəni həm Tuayev, həm də Mircavadov üçün nəzərə alanda, məşqçilərin ümumi məğlubiyyətlərinin sayı 33 yox, 34 alınır.


Azərbaycan milli komandasının böyük hesablı məğlubiyyətləri

1. 17.09.1992. Gürcaani. Yoldaşlıq görüşü.

Gürcüstan – Azərbaycan – 6:3
Baş məşqçi: Əhməd Ələsgərov

2. 19.04.1994. Ta-Qali. Yoldaşlıq görüşü.
Malta – Azərbaycan – 5:0
Baş məşqçilər: Kazbek Tuayev və Ağasəlim Mircavadov

3. 7.09.1994. Buxarest. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Rumıniya – Azərbaycan – 3:0
Baş məşqçi: Ağasəlim Mircavadov

4. 29.03. 1995. Koşitse. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Slovakiya – Azərbaycan – 4:1
Baş məşqçi: Ağasəlim Mircavadov

5. 26.03.1995. Trabzon. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Rumıniya – 1:4
Baş məşqçi: Ağasəlim Mircavadov

6. 6.09.1995. Oser. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Fransa – Azərbaycan – 10:0
Baş məşqçi: Ağasəlim Mircavadov

7. 2.06.1996. Oslo. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Norveç – Azərbaycan – 5:0
Baş məşqçi: Kazbek Tuayev

8. 10.11.1996. Bakı. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Macarıstan - 0:3
Baş məşqçi: Kazbek Tuayev

9. 8.06.1997. Helsinki. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Finlandiya – Azərbaycan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov

10. 11.11.1997. Sürix. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
İsveçrə – Azərbaycan – 5:0
Baş məşqçi: Vaqif Sadıqov

11. 5.09.1998. Koşitse. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Slovakiya – Azərbaycan - 3:0
Baş məşqçi: Vaqif Sadıqov

12. 10.10.1998. Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Macarıstan – 0:3
Baş məşqçi: Vaqif Sadıqov

13. 26.03.1999. Gimaraynş. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Portuqaliya – Azərbaycan - 7:0
Baş məşqçi: Əhməd Ələsgərov

14. 9.06.1999. Buxarest. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Rumıniya – Azərbaycan - 3:0
Baş məşqçi: Əhməd Ələsgərov

15. 18.08.1999. Daşkənd. Yoldaşlıq görüşü.
Özbəkistan – Azərbaycan – 5:1
Baş məşqçi: Əhməd Ələsgərov

16. 8.09.1999. Budapeşt. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Macarıstan – Azərbaycan – 3:0
Baş məşqçi: Əhməd Ələsgərov

17. 6.02. 2000. Ta-Qali. Yoldaşlıq görüşü.
Malta – Azərbaycan – 3:0
Baş məşqçi: Əsgər Abdullayev

18. 6.10.2000. Skopye. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Makedoniya – Azərbaycan – 3:0
Baş məşqçi: İqor Ponomaryov

19. 2.06.2001. İstanbul. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Türkiyə - Azərbaycan – 3:0
Baş məşqçi: İqor Ponomaryov

20. 7.11.2001. Stokholm. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
İsveç - Azərbaycan – 3:0
Baş məşqçi: İqor Ponomaryov

21. 20.02.2002. Sofiya. Yoldaşlıq görüşü.
Bolqarıstan – Azərbaycan – 3:0
Baş məşqçi: Kazbek Tuayev

22. 12.11.2002. Helsinki. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu.
Finlandiya – Azərbaycan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov

23. 29.03.2003. Kardiff. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu.
Uels – Azərbaycan – 4:0
Baş məşqçi: Əsgər Abdullayev

24. 11.11.2003. Reco di Kalabriya. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu.
İtaliya – Azərbaycan – 4:0
Baş məşqçi: Əsgər Abdullayev

25. 18.02. 2004. Təl-Əviv. Yoldaşlıq görüşü.
İsrail – Azərbaycan – 6:0
Baş məşqçi: Karlos Alberto Torres

26. 26.03.2005. Varşava. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu.
Polşa – Azərbaycan – 8:0
Baş məşqçi: Karlos Alberto Torres

27. 4.06. 2005. Bakı. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Polşa – 0:3
Baş məşqçi: Karlos Alberto Torres

28. 15.08.2005. Kiyev. Yoldaşlıq görüşü.
Ukrayna – Azərbaycan – 6:0
Baş məşqçi: Şahin Diniyev

29. 7.10.2006. Portu. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Portuqaliya – Azərbaycan – 3:0
Baş məşqçi: Şahin Diniyev

30. 11.11.2006. Brüssel. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Belçika – Azərbaycan – 3:0
Baş məşqçi: Şahin Diniyev

31. 24.03.2007. Varşava. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Polşa – Azərbaycan – 5:0
Baş məşqçi: Şahin Diniyev

32. 17.11.2007. Bakı. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Serbiya – 1:6
Baş məşqçi: Şahin Diniyev

33. 9.06.2009. Bakı. Yoldaşlıq görüşü.
Azərbaycan – İspaniya – 0:6
Baş məşqçi: Berti Foqts
0