Arşavin üçün “nüfuzlu” mükafat
11.06.2009 - 16:18
Arşavin üçün “nüfuzlu” mükafat
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının kapitanı Andrey Arşavin daha bir mükafat qazanıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Arsenal” klubunda çıxış edən hücumçu bu dəfə heç də arzulanmayan bir nominasiyanın laureatı seçilib. Amma çətin ki, kimsə belə bir mükafatı almağa razı olsun.

Buna Andreyin iki ay əvvəl verdiyi müsahibədəki fikirləri səbəb olub: “Düşünürəm ki, İngiltərə ilə müqayisədə Rusiyada həyat tərzi daha yaxşıdır. Xüsusilə də pulu olan insanlar üçün. İngiltərədə qayda və qanunlar çoxdur. Rusiyada isə pulun varsa, qanunları da poza bilərsən”.

Rusiyada, elə Azərbaycanda da futbolçuların müsahibə zamanı ağzından qaçırtdığı ifadələrin jurnalistlər tərəfindən “filtrdən keçirilməyinə” adət edən Arşavinin gözlədiyinin əksinə olaraq, ingilislər onun dediyi ifadələri olduğu kimi dərc ediblər. Pulu olduğu üçün Rusiyada qanunlara barmaqarası münasibət bəsləyən hücumçunun işlətdiyi sözlər əks-sədaya səbəb olub. Müstəqil internet nəşri olan www.grani.ru saytı Andreyi özünün təsis etdiyi “Der.mometr” mükafatına onu layiq bilib. Futbolçu belə “nüfuzlu” mükafatın laureatı olmuş Nikita Mixalkov, Qleb Pavlovski, Valentin Matviyenko və Aleksandr Lyubimov kimi tanınmış şəxslərin sırasına qoşulub.
0