“Bakı” Georgi Demetradzeni qovur, Batistanı saxlayır
11.06.2009 - 23:00
“Bakı” Georgi Demetradzeni qovur, Batistanı saxlayır
“Gürcü hücumçu Georgi Demetradze ilə söhbətim olacaq. Onunla yollarımızı ayırmaq məsələsini müzakirə edəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən yay transfer edilən Georgi Demetradze paytaxt təmsilçisində ümidləri doğrulda bilmir. Daha çox ehtiyatda qalan 33 yaşlı futbolçu çempionatda cəmi 10 oyunda (532 dəqiqə) meydana çıxdı və 2 qol vurdu. Azərbaycan kubokunda 4 görüş keçirən Demetradze “Qafqaz Universiteti” klubunu məğlub etdikləri (10:0) görüşdə het-trik edib. Georgi həm çempionatda, həm də kubokda 2 sarı vərəqə alıb.

Məmmədovun sözlərinə görə, Demetradze ilə istənilən halda, yollarını ayıracaqlar: “Onunla hələ bir illik müqaviləmiz olsa da, gedişi gözlənilir. Çünki Demetradze az oynayır və belə bahalı futbolçunu ehtiyatda saxlamaqda maraqlı deyilik. Bu, bizə maddi baxımdan sərf etmir. Demetradzeni ya transferə çıxaracağıq, ya da ona azad agent statusu verəcəyik”.

Qışda Ukraynadan icarəyə götürülən Vilyam Roşa Batista isə komandaya daha çox fayda verdi. Təsadüfi deyil ki, Demetradzeni ehtiyatda oturdan braziliyalı hücumçu kuboku da nəzərə alsaq, 11 oyunda (724 dəqiqə) 5 qol vurdu, 3 sarı, 1 qırmızı vərəqə aldı. İcarə müqaviləsi bitən Batistanın yeni mövsümdə də “Bakı”da çıxış edəcək: “Onun komandamızda qalmasını istəyirik. Batistanın transferi ilə bağlı danışıqlar aparmışıq. Birdəfəlik alıb, transfer hüquqlarına sahib çıxacağıq”.
0