Tələsmə, Pokora, tələsmə!
11.06.2009 - 17:46
Tələsmə, Pokora, tələsmə!
“Simurq” klubunun hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlıq məqsədilə Gürcüstanda təlim-məşq toplanışı keçirən Roman Pokoranın yetirmələri ilk yoxlama oyununa sabah çıxacaq. Gürcüstandakı ilk sınaq əvvəlcədən iyunun 13-ə planlaşdırılsa da, sonradan bu tarixin dəyişdirilməsinə zərurət yaranıb. Bu da komandanın iyunun 15-də daha bir matç keçirməsi ilə bağlıdır. Zaqatalalıların ilk görüşdə Bolnisinin “Sioni” komandası ilə qarşılaşması nəzərdə tutulub.

“Simurq”un yoxlama oyunlarını mümkün qədər tez keçirmək istəyi də səbəbsiz deyil. Belə ki, baxışa çağırdığı legionerləri məhz bu matçlarda sınayan Pokora iyunun 22-dək heyətlə bağlı suallara aydınlıq gətirməlidir. Çünki yarışın əsasnaməsinə əsasən, Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klublar bu turnir üçün iştirak ərizəsini həmin tarixə qədər Avropa Futbol Federasiyaları İttifaqına göndərməlidir.

Qeyd edək ki, ilkin iştirak ərizəsinə maksimum 25 futbolçunun adı salına bilər. Bundan əlavə, hər bir komanda ilk oyunu keçirəcəyi günə qədər iştirak ərizəsində bir dəyişiklik edə bilər.
0