“İspanlarla matça xərclənən pulu çıxarmışıq”
11.06.2009 - 18:01
“İspanlarla matça xərclənən pulu çıxarmışıq”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Öncə iyunun 6-da Uels yığmasına qarşı keçirilmiş matç barədə fikirlərinizi öyrənmək istərdik. Bu oyunda ən azı heç-heçə gözlədiyimiz halda, məğlubiyyətlə üzləşdik...
- Bir həftə ərzində keçirdiyimiz oyunlar arasında təbii ki, ən vacibi Uelslə qarşılaşma idi. Təəssüf ki, nəticə qazana bilmədik. Buna baxmayaraq, azarkeşlər, futbol ictimaiyyətinin nümayəndələri, mütəxəssislər milli komandanın oyununa böyük inamla gəlmişdilər. Deməli, Azərbaycan futbolunda irəliləyiş var ki, fanatlarda belə inam yaranıb. Qarşılaşmanın ikinci hissəsində hücuma atılsaq da, qol vura bilmədik. Amma Uelsin ilk hissədə cəmi bir şansı oldu, onu da qola çevirdilər. Bu bir daha onu göstərir ki, beynəlxalq futbol Azərbaycan futbolundan çox fərqlənir. Beynəlxalq futbolda bir səhv buraxanda, bundan dərhal istifadə edirlər. Uelslilər xeyli səhvə yol verdilər, lakin futbolçularımız yararlana bilmədilər. Məncə, bu, təcrübəsizlikdən irəli gəlir. Buna görə də tez-tez təlim-məşq toplanışları, yoldaşlıq görüşləri təşkil edirik. Yığmamızda fiziki hazırlıq yüksək səviyyədədir. Bir il əvvəl hamımız şikayətlənirdik ki, nəyə görə futbolçularımız 90 yox, cəmi 60 dəqiqə oynamağı bacarırlar. İndi isə şikayət edirik ki, niyə azərbaycanlı futbolçular qol vura bilmirlər.

- Sizcə, onlar nəyə görə qol vura bilmirlər?
- Bir tanınmış mütəxəssisdən soruşublar ki, hücumçu nə deməkdir, onu necə yetişdirmək lazımdır? O da cavabında deyib ki, müdafiəçi və yarımmüdafiəçi yetişdirmək olar. Hücumçu isə anadan hücumçu doğulmalıdır. İnanıram ki, bizdə hücumçular artıq anadan olublar. Ancaq hələlik gənclərdən ibarət komandalarda oynayırlar. Ümumiyyətlə, Vaqif Cavadov yaxşı hücumçudur, meydançada əlindən gələni əsirgəmir. Onun yaxşı hücumçu kimi püxtələşəcəyinə inanıram.

- Uelslə matçdan 3 gün sonra İspaniyaya 0:6 hesabı ilə uduzduq. Bu, Berti Foqtsun Azərbaycan yığmasında, həmçinin milli komandamızın Bakıda ən böyük hesablı məğlubiyyəti idi. İspanlara məğlubiyyəti necə qarşıladınız?
- İspaniya yığmasını paytaxtımıza dəvət etməkdə məqsədimiz var idi. İlk növbədə azarkeşlərə futbol bayramı yaşatmaq istəyirdik. Eyni zamanda, İspaniya son iki ildə rəsmi matçlarda Almaniya milli komandasına qalib gələn yeganə kollektivdir. Avqustun 12-də Bakıda qarşılaşacağımız Almaniya ilə görüşə ən yaxşı hazırlıq elə ispanlarla görüş idi. Məğlubiyyət bizə reallığı göstərdi. Bəzi futbol mütəxəssisləri bu oyundan qabaq deyirdilər ki, Almaniyanı məğlub edə, sürpriz yarada bilərik... Biz yenə xəyallarda yaşayırıq. Amma xəyallarda yaşamaq lazım deyil. Reallıq var, bunu qəbul etmək və nəticə çıxarmaq vacibdir. İspanlarla qarşılaşmada daha bir məqsədimiz isə Azərbaycanda futbol təbliğ etmək idi. Bu gün nəticə uğursuz oldu, ancaq bütün ölkə ispanların bura gəlişindən danışır. Stadionda elə insanlar gördüm ki, onların nə zamansa canlı futbol izləyəcəyini ağlıma da gətirmirdim. AFFA rəhbərliyi azarkeşlərə bayram yaşatmağa çalışdı. İspaniya ilə oyundan sonra matça televiziyada baxan bəzi şəxslər mənə zəng vurub, stadionda olmadıqlarına görə, peşmançılıqlarını söyləyirdilər. Yoldaşlıq görüşü dünya mətbuatının da böyük diqqətini çəkmişdi. Təbii ki, müsbət və mənfi məqamlar var idi. Mənfi cəhət 0:6 hesabı ilə uduzmağımızdır. Müsbət məqam isə odur ki, milli komandanın üzvləri, məşqçilər, futbol ictimaiyyəti, AFFA bir daha reallığı anladı və bir daha gördü ki, sürətli Avropa futbolu nədir. Hətta oyundan öncə belə fikirlər səsləndirilirdi ki, AFFA İspaniya ilə görüşü normal nəticəyə razılaşdırıb. Peşəkar futbolda belə hadisələr olmur. Bunu sübuta yetirdik. Söz-söhbət gəzirdi ki, ispanlar 2 qol vurduqdan sonra meydançaya gənclər çıxacaqlar, ikinci heyətə üstünlük veriləcək. Lakin Azərbaycanla oyun İspaniya üçün Konfederasiyalar Kubokuna ciddi hazırlıq matçı oldu. Bizə qarşı əsas heyətlə çıxış etdilər. Dünyanın ən yaxşı hücumçularında sayılan Fernando Torres 90 dəqiqə meydanda oldu. İspaniya 4:0 irəlidə olduğu vaxt, mübarizəyə Puyol və Quiza qoşuldu. Açığı, belə dəyişikliklər bizi də təəccübləndirdi. Berti Foqts mətbuat konfransında düzgün vurğuladı ki, əgər istəyirsinizsə, Türkiyə, İspaniya kimi güclü komandalarla yox, zəiflərlə oynayaq. Məsələn, FİFA-nın reytinqində 138-ci, 150-ci yerdə gedən komandalarla qarşılaşaq. Problem yoxdur. Belə komandaları Azərbaycana gətirmək çox asandır. Ancaq bu, bizə nə fayda verəcək? Fikir verin, son il yarımda neçə komanda ilə yoldaşlıq görüşü keçirmişik. Azərbaycan futbolu tarixində indiyədək belə məhsuldar dövr olmayıb. Özü də seçimi təsadüfi aparmamışıq. Rəqiblər arasında Avropa təmsilçiləri də olub, Asiya komandaları da: Bosniya, Andorra, İslandiya, İran, Albaniya, Özbəkistan, Bəhreyn, Küveyt. Onu da qeyd edim ki, bəzi mətbuat orqanları tərəfindən Berti Foqtsa təzyiq var idi. Anlamalıyıq ki, Foqts cəmi 1 ildir yığmada çalışır. Bir ildə möcüzə etmək mümkün deyil.

- Berti Foqtsla bəzi KİV-lər arasında yaranmış mübahisədə günahkar kimdir?
- Günahkar tapmaq lazım deyil. Sadəcə, AFFA-nın şüarına baxmaq kifayətdir: Biz birlikdə güclüyük! Günahkar axtarsaq, yalnız vaxt itirmiş olacağıq.

- Mətbuatda ispanlarla oyunun xərcləri və gəlirləri barədə müxtəlif rəqəmlərə rast gəlinir. Əgər sirr deyilsə, AFFA İspaniya ilə yoldaşlıq görüşündən nə qədər qazanc götürdü?
- Oyundan öncə mətbuatda İspaniya ilə matça 500 min, 750 min, 1 milyon, 1,2 milyon, hətta 1,7 milyon avro xərc çəkildiyi barədə yazılırdı. Bu, nə deməkdir? O deməkdir ki, işimizin öhdəsindən gəldik, təbliğat apara bildik. Futboldan uzaq olan insanlar da Azərbaycan - İspaniya görüşündən danışırdı. Məqsədlərimizdən biri də o idi ki, reklam bazarını artıraq. Futbol biznesə çevrilməsə, bu növün inkişaf sürəti azalar. Daha sürətlə inkişaf etmək üçün futbol klubları, təşkilatları gəlir əldə etməlidirlər. Ötən ay, nəhayət, “Azercell Telekom” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağladıq. “Azercell” bizim baş partnyorumuz oldu. Yəni, bu şirkət futbola çox yaxınlaşdı. “Azercell”in dəstəyi ilə AFFA yığmanın oyunlarının yayım hüququnu həll etdi. Həm də “Azercell” İspaniya ilə matçın baş partnyoru oldu. Şübhəsiz ki, biz bundan gəlir qazandıq. Toplanan vəsait uşaq futboluna, milli komandalarımızın inkişafına yönəldilir. Konkret məbləğlərə gəlincə, oyunla bağlı büdcəmiz var idi. Büdcənin xərclər və gəlirlər hissəsi bir-birinə uyğun gəldi. Məsələn, ilkin hesablamalara görə bilet satışından 153 min manatdan çox gəlir əldə edilib ki, bu da futbolumuzda rekord məbləğdir. Ola bilsin ki, əldə olunan vəsait 170 min manata çatacaq.

- İspanlarla oyuna nə qədər bilet satılıb?
- Hesablamalar aparılır. Bu dəfə satışda yeni sistem tətbiq etdik. Müxtəlif yerlərdə biletlərə sahib çıxmaq mümkün idi. Əvvəllər hər bir kəs bilet almaq üçün kassaya getməli idi. Amma yeni sistemə görə, kassadan başqa, AFFA-da, “Nərgiz” alış-satış mərkəzində, “Şüvəlan Park”da və “Moskva” univermağında da bilet almaq olardı. Eyni zamanda, ilk dəfə olaraq, elektron satış da təşkil olunmuşdu.

- Bəs İspaniya yığmasını paytaxtımıza gətirmək üçün hansı məbləğdə xərc çəkmişdiniz?
- Sözsüz ki, bizim xərclərimiz oldu. İspaniya milli komandasını Bakıda qonaq etmək ucuz deyil. Mehmanxana, nəqliyyat, qidalanma xərclərini öz üzərimizə götürmüşdük. İlkin hesablamalara əsasən deyə bilərəm ki, xərcləri artıq çıxarmışıq. İndi qazancımızı hesablayarıq. Oyunun yayım hüququnu da Avropa telekanallarına satmağı bacardıq. Özü də matçda cəmi 3 beynəlxalq şirkətin reklamı oldu. Qalan reklam verən şirkətlər yerli təşkilatlar idi. Meydançanın ətrafındakı reklamlardan da AFFA gəlir götürdü.

- Hesab etmirsiniz ki, 7 gün ərzində Türkiyəyə 0:2, Uelsə 0:1 və İspaniyaya 0:6 hesablı məğlubiyyətlər AFFA-nın düşmənlərinin sayını artırdı?
- Üç məğlubiyyətə görə AFFA-nın düşmənləri artıbsa, deməli, həmin insanlar Azərbaycan futbolunu sevmirlər. Mətbuatda çox fikirlər səsləndirilirdi ki, biletlər bahadır. Mənim şəxsi fikrim belədir: əgər kimsə, 2 manatından keçib bilet almaq istəmirsə, o, milli komandanın azarkeşi sayılmır. Biletləri 2 manatdan ucuz sata bilmərik. Çünki bu, Azərbaycan milli komandasıdır. Yığmanın oyununa baxmaq üçün pul ödəmək lazımdır. Azərbaycanda stadiona giriş pulla olmalıdır. Pulsuz giriş olmaz! Futbol bundan başlayır. Biz Avropada bəlkə də ən ucuz bilet satan assosiasiyayıq. Uels və İspaniya ilə oyunlara bilet alıb, yığmamızı dəstəkləyən bütün azarkeşlərə minnətdaram. Bəziləri deyir ki, oyun zamanı stadionun qapılarını açıq saxlamaq lazımdır. FİFA və UEFA isə pulsuz girişi qadağan edir. Hər matça FİFA və ya UEFA-nın nümayəndəsi gəlir. Tutaq ki, 20 min bilet satılıb, ancaq stadiona 30 min insan gəlibsə, belə olan halda, beynəlxalq qurumlar bizə xəbərdarlıq edə bilər.

- Ardıcıl 3 məğlubiyyət Foqtsun yığmadakı taleyinə mənfi təsir göstərə bilərmi? AFFA rəhbərliyi onunla yeni müqavilə bağlamaq fikrindən daşınmayıb?
- Bu, İcraiyyə Komitəsinin qərarından asılıdır. Dekabrda Foqtsla müqavilənin müddəti başa çatacaq. Razılaşmaya əsasən, sənədin müddəti bitməmişdən 30-35 gün öncə biz danışıqlar aparacağıq. Baş məşqçinin yığmamızda göstərdiyi nəticələr araşdırılacaq. Müəyyənləşdirəcəyik ki, bu dövrdə nə itirmişik, nə qazanmışıq. Sonra bu analiz İcraiyyə Komitəsinə veriləcək və komitə müvafiq qərarı çıxaracaq.
0