“Xəzər-Lənkəran”dan mayda getmək istəyirdim, amma rəhbərlik qoymadı”
12.06.2009 - 14:01
“Xəzər-Lənkəran”dan mayda getmək istəyirdim, amma rəhbərlik qoymadı”
“İstefaya göndəriləcəyimi gözləmirdim. Səmimi deyirəm, haqqımda çıxarılan qərar mənim üçün gözlənilməz oldu. Komandanın prezidenti Mais Mənsimovla telefonla danışdım və vəzifəmdən uzaqlaşdırıldığım barədə mənə məlumat verdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan kənarlaşdırılan iqor Ponomaryov deyib.

Ötən ilin dekabrında türkiyəli mütəxəssis Rasim Karanı əvəzləyən 49 yaşlı çalışdırıcı bildirib ki, mövsüm başa çatandan bir ay sonra istefaya göndərilməsinə təəccüblənib: “Əlbəttə ki, bunun baş verməsinə təəssüflənirəm. Çünki yenicə işə başlamışdıq və hər şey düzəlirdi. Düzdür, nəticə qazana bilmədik, avrokuboklardan kənarda qaldıq. Ancaq bunun kifayət qədər səbəbləri var və bunu nəzərə almaq lazımdır”.

Uzun müddətdir İsveçdə yaşayan Ponomaryovun sözlərinə görə, mövsüm bitəndən sonra istefa verməyə hazır imiş: “Həmin vaxt, mayda rəhbərliyə demişdim ki, postumdan gedə bilərəm. Ancaq onlar bunu qəbul etmədilər. Ancaq sonradan nə baş verdi, rəhbərlik niyə belə qərar çıxardı, bax bunu başa düşə bilmirəm. İsveçdə məzuniyyətdə olduğum halda, mənimlə vidalaşdıqlarını dedilər. “Xəzər-Lənkəran”la müqaviləm vardı və onu qarşılıqlı razılıqla pozduq”.

Ponomaryov bildirib ki, İsveçdə yalnız istirahət etməyib: “Burda komanda üçün iş görürdüm. Hazırlıq planları tərtib etmişdim. Yeni mövsümə hazırlıq iki mərhələdə, ölkədən kənarda təlim-məşq toplanışı keçmək nəzərdə tutulmuşdu. Bundan əlavə, “Xəzər-Lənkəran”ın gücləndirə biləcək futbolçuları nəzərdə keçirirdim, bununla bağlı skautlarla söhbətim olmuşdu”.

Qeyd: İqor Ponomaryovla geniş müsahibə az sonra saytımızda yerləşdiriləcək.
0