“Mircavadovla məmnuniyyətlə çalışardım”
12.06.2009 - 23:23
“Mircavadovla məmnuniyyətlə çalışardım”
“Mənə nə futbolçu, nə məşqçi kimi başqa komandadan təklif gəlib. Hazırda istirahət edirəm. Son illərdə çıxış etdiyim “Olimpik” klubu ilə hələ konkret söhbətim olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik” klubunun kapitanı Tərlan Əhmədov deyib.

38 yaşlı müdafiəçi futbolçu karyerasını hələ davam etdirmək istəsə də, bunu qəbul etməyən “Olimpik” onunla müqaviləni uzatmayıb, əvəzində məşqçi vəzifəsini təklif edib. Ancaq Tərlanın sözlərinə görə, bununla bağlı konkret danışıqlar olmayıb: “Çünki komandamız hələ istirahətdədir. Növbəti həftə rəhbərliklə görüşdə məsələyə aydınlıq gələr. Ancaq hələlik yeni xəbər yoxdur”.

“Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıdan Ağasəlim Mircavadov yaxşı tanıdığı, uzun müddət milli komandamızda və “Qarabağ”da rəhbərliyi altında oynadığı Tərlan Əhmədova dəvət göndərə bilər. Hər halda, təcrübəli mütəxəssislərin məşqçilikdə ilk addımlarını atan yetirmələrinə öz köməyini göstərməsi halları tez-tez müşahidə olunur. Ancaq Əhmədov belə təklif almadığını bildirib: “Səmimi deyirəm, heç bir klubdan təklif almamışam. Mircavadov “Xəzər-Lənkəran”ın baş məşqçinə postuna qayıdıb, mənə təklif göndərərsə, buna müsbət cavab vermək olar. Niyə də yox? Onunla məmnuniyyətlə birgə çalışardım”.

Qeyd edək ki, Əhmədov son üç ildə “Olimpik”də çıxış edib.
0