Azərbaycan Premyer Liqasında ilk bosniyalı məşqçi!
13.06.2009 - 10:36
Azərbaycan Premyer Liqasında ilk bosniyalı məşqçi!
Salyanın “Muğan” klubunun yeni baş məşqçisi Bosniya və Herseqovinadan olacaq. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, yeni çalışdırıcı artıq gələn həftənin əvvəlində ölkəmizə gələcək.

“Yeni baş məşqçimiz Bosniya və Herseqovina vətəndaşıdır, müsəlmandır. O, gələn həftənin əvvəlində Bakıya gələcək. Onunla rəsmi müqavilə imzaladıqdan sonra adını açıqlayacağıq. İndi məsələ tam rəsmiləşməmiş ad çəkməyi məqsədəuyğun saymırıq. O, təcrübəli mütəxəssisdir, özü ilə birgə köməkçisini də gətirəcək. Son günlərdə yeni transferlər həyata keçirməmişik. Onsuz da baş məşqçimizin gəlişinə az qalıb və o, özü yeni futbolçuların transferi ilə məşğul olacaq. Hər halda, transferlər, heyətdəki dəyişiklərlə bağlı özünün qərar verməsi daha düzgün olardı” - deyə Şirəliyev vurğulayıb.

“Muğan” rəsmisi konkret ad açıqlamasa da, bosniyalı mütəxəssis türk əsillidir və adı Kamaldır. İndiyədək Bakıda olan və rəhbərliklə danışıqlar aparan həmin şəxs bosniya və türk dili ilə yanaşı, rusca da sərbəst danışır.

Qeyd edək ki, “Muğan” bu mütəxəssislə əməkdaşlıq qurmaqla, Azərbaycan futbolunda ilkə imza atır. Məsələ burasındadır ki, bu vaxta qədər Bosniya və Herseqovinadan ölkəmizdə məşqçi çalışmayıb. Bakının “Olimpik” klubunun güclülər dəstəsini keçirdiyi debüt mövsümündə (2005/06) baş məşqçiləri xorvat Stepan Çordaş və serb Peter Kurçubiç olub. “Bakı”da 22 aydır çalışan, ötən mövsüm komandanı çempion edən Qyoko Hacıyevski isə makedoniyalıdır. Bunlar da Bosniya və Herseqovina kimi vaxtilə keçmiş Yuqoslaviyanın təmsilçiləri olub. Göründüyü kimi, “Muğan” Azərbaycan Premyer Liqasında ilk dəfə bosniyalı baş məşqçi ilə əməkdaşlıq edir.
0