Anatoli Ponomaryovun qərarı kimi məyus edib?
13.06.2009 - 11:08
Anatoli Ponomaryovun qərarı kimi məyus edib?
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov oğlu Anatolinin futbolçu karyerasını erkən başa vurmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, futbol üzrə yeganə olimpiya çempionumuz olan 49 yaşlı İqor Ponomaryov oğlunun bu qərarına üzülür. O, özü kimi, Anatolinin də uğurlar qazanmasını da arzulayırdı. Ancaq Anatoli 27 yaşında futbolçu karyerasını bitirməyə qərar verdi.

Bunu təəssüflə qarşılayan ata Ponomaryov apasport.az saytına açıqlamasında oğlunun başqa vəzifədə daha çox uğurlar qazanacağına ümid edir: “Mən də razıyam ki, 27 yaşlı futbolçu karyerasını başa vurmaq tezdir. Yaşının bu vaxtında belə qərar qəbul etmək çox çətindir. Oğlumun futboldan erkən getməsini istəməzdim. Ancaq digər tərəfdən onun hazırkı işi normaldır. Ailəsinin əhatəsində olur, yaxşı təklif alıb. Futbol Akademiyasında idman direktoru vəzifəsində çalışır. Gənclərlə məşğul olur ki, bu da futbolun inkişafına xidmət edən işdir. Anatolinin geniş fəaliyyət dairəsi var. Oğlumun bir neçə dili bilməsi də üstünlüyüdür. Rus, ingilis, isveç, hətta ispan dilində də yaxşı danışır”.

Qeyd edək ki, Anatoli 1982-ci ildə Bakıda anadan olsa da, ailəsi 80-ci illərin sonunda İsveçə köçdüyündən uzun müddətdir orada yaşayır. İqor Ponomaryov futbolçu karyerasını 1989-cu ildə İsveçin “Nörçepinq” klubunda başa vurub. Ata Ponomaryov 29 yaşında zədəyə görə karyerasını bitirməli olub.
0