Vilyanın Bakıdakı rekordunu Torres də təkrarladı
16.06.2009 - 09:57
Vilyanın Bakıdakı rekordunu Torres də təkrarladı
CAR-da təşkil olunan Konfederasiyalar Kubokunda birinci turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, hər iki qrupdakı ilk matçlar məhsuldar keçib. Dörd qarşılaşmada 16 qol vurulub ki, bu da hər görüşə 4 topun vurulması deməkdir.

Yalnız meydan sahibləri ilə İraq yığmaları arasındakı görüşdə azarkeşlər qol görməyib. Bu yığmaların mübarizə apardığı A qrupunun daha bir komandası – Yeni Zelandiya da hələ qol sevinci yaşamayıb. Əvəzində Avropa çempionu olan İspaniya yığması qrupdakı bütün komandaların əvəzinə qol vurur. Bir həftə əvvəl Bakıda Azərbaycan milli komandasını 6:0 hesabı ilə məğlub edən Visente del Boskenin yetirmələri bu dəfə Okeaniya təmsilçisinə “dərs keçib”. Yığmamızla görüşdə 11 dəqiqəyə het-trikə imza atan David Vilyanın nəticəsini bu dəfə Fernando Torres təkrarlayıb. O, 11 dəqiqəyə üç qol vurmaqla, darmadağının əsasını qoyub.

B qrupunda daha çox qol vurulsa da, böyük hesablı qələbə qeydə alınmayıb. Turnirin favoritlərindən sayılan Braziliya və İtaliya yarışa qələbə ilə başlasalar da, Avropa çempionları qədər inamlı təsir bağışlamayıb. Cənubi amerikalılar növbəti dəfə Zidan şoku ilə qarşılaşıb. Lakin bu dəfə məşhur fransalı yox, misirli onlara çətinlik yaşadıb. Braziliyalılar yalnız son dəqiqədəki şübhəli penalti ilə qalib gəliblər. İtaliya yığması isə ABŞ-la qarşılaşmanın yalnız ikinci hissəsində məğlubiyyətdən qaçmağı bacarıb əzmkar qələbə qazanıb.


14 iyun
A qrupu


CAR - İraq 0:0
İspaniya – Yeni Zelandiya 5:0

Torres, 6, 14, 17, Fabreqas, 24, Vilya, 48.

15 iyun
B qrupu


Braziliya – Misir 4:3

Kaka, 5, 90-pen. Luis Fabiano, 12, Juan, 37 – Zidan, 9, 55, Şouki, 54.

ABŞ – İtaliya 1:3
Donovan, 41 – Rossi, 58, 90, de Rossi, 72.