“Muğan” klubunun yeni baş məşqçisi Kemal Alispahiç oldu
16.06.2009 - 10:16
“Muğan” klubunun yeni baş məşqçisi Kemal Alispahiç oldu
Salyanın “Muğan” klubunun yeni baş məşqçisinin adı məlum olub. Bu barədə apasport.az saytına açıqlama verən komandanın vitse-prezidenti Bəhruz Şirəliyev bildirib ki, Bosniya və Herseqovinadan olan Kemal Alispahiçin təyinatı artıq rəsmiləşib.

“Bizə bir sıra əcnəbi mütəxəssislər təklif olunsa da, Alispahiçə üstünlük verdik. 1965-cı ilə təvəllüdlü bu mütəxəssis təcrübəlidir, vətənində “Jelezniçar” və “Sarayevo” kimi klublarda çalışıb. Köməkçisi Almir Hurtiçi də Bakıya gətirib. Sabiq baş məşqçimiz Vladislav Qədirov seleksiyaçı məşqçi kimi fəaliyyətini davam etdirir. Yeni çalışdırıcımızın köməkçilərindən biri yerli mütəxəssis olacaq. Ancaq onun adı hələ bilinmir” – deyə, Şirəliv bildirib.

Vitse-prezident komandanın yüksək yerlər uğrunda mübarizədə yeni baş məşqçinin köməyinə ümid bəsləyir: “Biz yeni mövsümdə ilk “altılığ”a düşmək istəyirik. Alispahişin də qarşısında bu vəzifəni yerinə yetirmək qoyulub. Onunla bir illik rəsmi müqavilə imzalamışıq. Hazırda Kemal bəy Salyandadır və komanda yeni mövsümə orada hazırlaşacaq”.

Milliyətcə türk olan yeni çalışdırıcı həm türk, həm də rus dilində danışa bilir. “Muğan”ın tarixinə ilk əcnəbi mütəxəssis kimi düşən Alispahiç ölkəmizdə çalışan ilk bosniyalı məşqçi olacaq.
0