Misir yığması Braziliyanın qələbəsinə etiraz edir
16.06.2009 - 10:37
Misir yığması Braziliyanın qələbəsinə etiraz edir
Konfederasiyalar Kubokunun ilk turunda qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən yarışın ikinci günündə hakimlər diqqət çəkiblər. Belə ki, B qrupunda keçirilən Braziliya - Misir matçının son dəqiqəsində afrikalıların qapısına təyin olunan və Kakanın dəqiq zərbəsi sayəsində cənubi amerikalılara qələbə gətirən penalti böyük əks-səda doğurub.

Misir yığmasının rəhbərliyi hakimin qərarına etiraz edib. Oyun bitdikdən sonra mətbuat konfransına yollanan baş məşqçinin köməkçisi Qərib Şouki görüşün ingiltərəli baş hakimi Hovard Uebbdən narazılığını bildirib: “Uebb və köməkçisi əvvəl küncdən zərbə təyin etdilər. Sonra isə dördüncü hakimlə məsləhətləşib qərarlarını dəyişdilər və 11 metrlik cərimə zərbəsi verdilər. Bütün bunlar 3 dəqiqə çəkdi ki, ehtiyat hakim də videotəkrara baxaraq, əllə oyunu orada görmüşdü. Mən bildiyim qədər futbolda videotəkrardan istifadə qaydası yoxdur. Biz hakimin qərarına deyil, bunun hansı yolla qəbul olunmasına etiraz edirik. Bəlkə də qaydaların dəyişməyindən bizim xəbərimiz yoxdur”.

Qeyd edək ki, Braziliya milli komandası Misirlə matçda 4:3 hesabı ilə qalib gəlib.
0