Viktor Valdes Rauf Mehdiyevə də çatmadı
16.06.2009 - 11:20
Viktor Valdes Rauf Mehdiyevə də çatmadı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda uzun müddətə qol buraxmayan qapıçıların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə aprelin 29-da dərc edilmiş cədvəldəki seriyaların sayına daha 7-si əlavə olunub. Son 49 gün ərzində Moldova, Zambiya və İspaniya təmsilçilərinin qırılan seriyaları onların adlarının siyahıya əlavə olunması ilə nəticələnib.

“Barselona”nın qapıçısı Viktor Valdesin də 674 dəqiqəlik seriyası cədvələ daxil olub. O, karyerasının ən yaxşı nəticəsini göstərsə də, Azərbaycan klublarını təmsil edən qapıçıların hamısından geri qalıb. Hətta ölkəmizdə 13-cü olan Rauf Mehdiyevin 676 dəqiqəlik seriyası da “Barselona”lını iki dəqiqə qabaqlayır. Bundan başqa, Misir, Uruqvay, Belarus və Serbiyadan olan futbolçuların əvvəlki illərdə qeydə alınan nəticələri araşdırmalar sayəsində üzə çıxıb.

Ümumilikdə isə 660 dəqiqə səddini keçən futbolçuların yer aldığı siyahıda futbol tarixi ərzində qapıçıların göstərdiyi 428 nəticə yer alıb. Bura daxil olanlardan 47-si 1000 dəqiqə həddini aşa bilib. Bunlardan biri – misirli Əşrəf Əhməd Əbülnurun 1977-78-ci illərdə imza atdığı 1006 dəqiqəlik quru seriya yalnız indi aşkarlandığından 7 yenilikdən biridir. Braziliyalı Geraldo Pereyra de Matos Filyonun 31 illik rekordunu hələ də qıran olmadığından, “Vasko da Qama”nın sabiq qapıçısı birinci yerdədir – 1816 dəqiqə. Avropa rekordu isə üçüncü olan belçikalı Danni Verlindenə (1390) məxsusdur.

İFFHS-in siyahısında yer alan Azərbaycan Premyer Liqasına məxsus 13 göstəricidən 12-si bu dəyişikliklərdən əziyyət çəkib. Nizami Sadıqovun Azərbaycan rekordu istisna olmaqla, digərləri 2-5 pillə aralığında geriləyib.

Qeyd edək ki, bu nəticələrdən 10-u yerli, 3-ü əcnəbi qapıçılara məxsusdur. Azərbaycan futbolunun daha bir yetirməsi Kiyevin “Dinamo” klubunda 1100 dəqiqə qol buraxmayan Yuri Romenskinin seriyası isə 24-cüdür.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
9. Qaetan Huar (“Bordo”, Fransa) – 1266
10. Armelino Donizete Quagliano „Zetti“ (“Palmeyras”, Braziliya) – 1242

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

22. Nizami Sadıqov (“Turan”) – 1106
53. Xalidu Sissoko (“Bakı”) – 985
56. Xalidu Sissoko (“Bakı”) - 971
59. Camaləddin Əliyev (“Qarabağ”) – 958
67. Elxan Həsənov (“Neftçi”) – 943
153. Dmitri Kramarenko (“Karvan”) – 798
188. Dmitri Kramarenko (“Neftçi”) – 772
225. Rauf Mehdiyev (“Olimpik”) – 746
228. Elşən Poladov (“Bakı”) – 744
231. Nadir Şükürov (“Dinamo”) – 741
247. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
327. Camaləddin Əliyev (“Qarabağ”) – 700
384. Rauf Mehdiyev (“Olimpik”) – 676
0