Ramin Musayev: “Karvan” ya birinci divizionda oynayacaq, ya da...
16.06.2009 - 11:37
Ramin Musayev: “Karvan” ya birinci divizionda oynayacaq, ya da...
“Dünən “Karvan” rəhbərliyi ilə söhbətim olub. Belə məlum oldu ki, Yevlax təmsilçisi yeni mövsümdə hansı liqada çıxış edəcəyini hələ özü üçün dəqiqləşdirməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Ağır günlərini yaşayan “Karvan” maliyyə problemləri ucbatından ötən mövsümü boşa verdi. Keçən mövsüm 9-cu yeri tutan komandanın bu yay 5 illik yubileyidir. Ancaq belə əlamətdar vaxtda əyalət təmsilçisinin Premyer Liqada çıxış edəcəyi sual altındadır. Hər halda, yevlaxlılar Premyer Liqada yerini qorusa belə, oynayıb-oynamayacağı hələ bilinmir: “Mənə dedilər ki, ya birinci divizionda oynayacaqlar, ya da Premyer Liqada. Bu məsələyə nə vaxt aydınlıq gələcəyi hələ müəyyənləşməyib. Hər halda, klubların əksəri hazırda istirahətdədir. Əgər “Karvan” Premyer Liqada iştirak etməzsə, onu hansı komandanın əvəzləyəcəyini sonradan müəyyənləşdirəcəyik. Ötən mövsümün yekununa əsasən son iki yeri tutduğu üçün birinci liqaya düşən “Bakılı” və MOİK Premyer Liqada çıxış etməklə bağlı rəsmi müraciət etməyiblər. Onların maliyyə durumu yüksək dəstə üçün normal deyil. Ancaq bu komandalar birinci divizionda çıxış etmək fikrindədirlər”.

Qeyd edək ki, bu ilin martında AFFA-nın konfransında qəbul olunan qərara əsasən yeni mövsümdən birinci diviziondan Premyer Liqaya komanda gəlməyəcək.
0