“Qarabağ” Cavid Hüseynov və Elvin Məmmədovla danışıqlar aparır
16.06.2009 - 15:10
“Qarabağ” Cavid Hüseynov və Elvin Məmmədovla danışıqlar aparır
Ağdamın “Qarabağ” klubu yerli futbolçularla bağlı transfer çalışmalarını tamamlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, Vüqar Nadirovun ardından daha bir sabiq futbolçusu Cəmşid Məhərrəmovu da sıralarına qatan ağdamlılar onunla iki illik müqavilə imzalayıb. Bu iki oyunçu ilə yanaşı, daha üç futbolçunun keçidində maraqlı olan “Qarabağ” ötən mövsüm “İnter”də çıxış edən Cavid Hüseynovla Elvin Məmmədov, həmçinin bir il əvvəl MOİK-ə keçən Nodar Məmmədovla danışıqları yekunlaşdırmaq üzrədir. Məhz bu danışıqların nəticəsinə əsasən, komandanın sıralarına cəlb olunacaq legionerlərin dəqiq sayı bilinəcək.

Hələ ki, 5-6 əcnəbi transfer etmək niyyətində olan ağdamlılar bu üç oyunçudan hər hansı birinin keçidinin baş tutmayacağı halda onu legionerlə əvəz edəcək. Çünki “Qarabağ” yerli futbolçular arasında heyətinə qatmaq istədiyi başqa oyunçu yoxdur. Baxışa gəldikdən sonra seçiləcək əcnəbilər isə komandanın düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışında qoşulacaq.