“Xəzər-Lənkəran”dan ayrılan futbolçu: Ora qayıtmaq istəmirəm
16.06.2009 - 23:00
“Xəzər-Lənkəran”dan ayrılan futbolçu: Ora qayıtmaq istəmirəm
“Xəzər-Lənkəran” klubunun sabiq hücumçusu Romulo Silvano özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu karyerasını əvvəlki klubu “Fortaleza”da davam etdirəcək.

38 dəfə Seara ştatının çempionu olan bu komandanın direktoru Serjio Papelin Romulonu şam yeməyinə dəvət edərək, onunla ilkin razılıq əldə edib. Son üç ildə ştatın dəyişməz çempionu olmasına baxmayaraq, Braziliya çempionatının B seriyasında mübarizə aparan “Fortaleza” təcrübəli hücumçunun xidmətində maraqlı olsa da, bu keçidə başqa klublar əngəl ola bilər. Lakin başqa komandaların da maraq dairəsində olan hücumçu karyerasını vətəndə davam etdirmək üçün ay yarım da gözləməyə razıdır. Çünki Braziliyada beynəlxalq transferlər üçün pəncərə avqustda açılır.

Ötən mövsüm “Xəzər-Lənkəran”ın heyətində keçirdiyi 22 çempionat qarşılaşmasında 8 qol vurmaqla komandasının ikinci ən məhsuldar oyunçusu olan Romulo Azərbaycana qayıtmaq variantını mümkünsüz sayır: “Bir çox klublardan təkliflər almışam. Onların arasında Azərbaycan klubları da var ki, onlar mənim yenidən orada çıxış etməyimi istəyir. Mən isə ora qayıtmaq istəmirəm. Orada ailə ilə bağlı problemlərim var idi. Onların xaricə gedib-gəlməsi çətinlik yaradır”.

Qeyd edək ki, Romulo bir il əvvəl “Xəzər-Lənkəran”a transfer olunmuşdu.
0