“Azərbaycanda işləmək maraqlı olacaq”
16.06.2009 - 23:11
“Azərbaycanda işləmək maraqlı olacaq”
Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Kemal Alispahiçin apasport.az saytına müsahibəsi

- “Muğan”ın baş məşqçisi olmaq variantı necə ortaya çıxdı?
- Bu variantı mənə menecer təklif etdi. Komandanın prezidenti ilə İstanbulda görüşdüm. Bundan sonra rəsmi müqavilə imzalamağa qərar verdim. İlk dəfə Azərbaycanda oldum. Klub Salyanı təmsil edir və orada baza, stadionu var. Açığı, infrastrukturla bağlı gördüklərim xoşuma gəldi və burda çalışmağa razılıq verdim. “Muğan” variantını özüm üçün qiymətli sayıram. Çünki rəhbərliklə görüşüm məndə xoş təəssürat oyatdı. Belə insanlarla, belə şəraitdə çalışmaq məni qane edir və “Muğan” klub karyeramda özünəməxsus yer tutmalıdır. Fikrimcə, yaxşı işləyəcəyik. Əməkdaşlığımızın uğurla olacağına inanıram.

- Azərbaycanda işləməyə razılıq verməyinizdə maddi məsələlərin nə dərəcədə rolu oldu?
- Bura pulu düşünüb, gəlməmişəm. “Muğan”a ona görə gəlmişəm ki, mənə Azərbaycanda çalışmaq çox maraqlı olacaq. Ümumiyyətlə, futbolunuz böyük marağıma səbəb olub. Ötən il İranda “Səba” klubunu çalışdırmışam. İran Azərbaycana yaxın ölkədir. Futbolunuzda çox şeylər xoşuma gəlir. Özümü burada sınamaq istəyirəm. Mənim kimi cavan məşqçi üçün Azərbaycanda işləmək maraqlı olacaq.

- Yeni komandanızın oyununa baxmısınızmı?
- Baxmışam. Bu, ötən mövsümün son turunda “Bakı” ilə görüş idi.

- Həmin görüşü Tofiq Bəhramov adına Respublika stadionunda izləmisiniz?
- Bəli.

- Təəssüratlarınız necədir?
- Fikrimcə, həmin matçda “Muğan” çox pis oynadı. Hər halda, mənim üçün bu, pis oyun idi. Təsadüfi deyil ki, komanda həmin görüşdə 0:4 hesabı ilə uduzdu. Hesab edirəm ki, yeni mövsümdə belə oynamamalı, problemləri aradan qaldırmalıyıq.

- Klub rəhbərliyi qarşınıza hansı vəzifə qoyub?
- Əsas komandanın yaxşı oyun göstərməsidir. Baxımlı futbol oynamağa çalışmalıyıq. “Muğan” keçən mövsüm 12-ci yeri tutdu, cəmi 4 qələbə qazandı. Heç olmasa, 7-8 oyunda qalib gəlməliyik.

- Rəhbərlik komandanın yeni mövsümdə ilk “altılığ”a düşməsini istəyir. Siz bir əcnəbi mütəxəssis kimi, bu vəzifəni yerinə yetirməyə özünüzü hazır sayırsınızmı?
- Yeni mövsümdə yaxşı oynasaq, daha çox qələbə qazana bilərik. Bizi güclü rəqiblərlə ciddi sınaq gözləyəcək. Onlara rəqabət yarada biləcək komanda qurmağa çalışacağıq. Nəzərə almaq lazımdır ki, “Muğan” cəmi ikinci mövsümdür güclülər dəstəsində çıxış edəcək. Qısa müddətdə inkişafa nail olmaq heç də asan deyil. Azərbaycan Premyer Liqasında bir sıra güclü klublar var. Hər il daha yuxarı yer tutsaq, istəyimizə çatacağıq. Çempionatın başlanmasına hələ iki ay vaxt var. Baxaq görək, hazırlığımız, işlərimiz necə alınacaq.

- Nəticə qazanmaq üçün ilk növbədə güclü heyət olmalıdır. “Muğan”da bunu yarada bilərsiniz?
- Yeni mövsümün hazırlığına Salyanda başlayacağıq. Orada yaxşı şərait var. Yeni transferlər reallaşdırmaqla, heyəti gücləndirmək fikrindəyik.

- “Muğan”a keçmiş Yuqoslaviyadan futbolçu gətirməyiniz gözlənilirmi?
- Bəli. Serbiya Futbol Federasiyası ilə danışığımız olub. İlk növbədə heyətlə daha yaxından tanış olub, problemli mövqelərə futbolçu gətirəcəyik. Yeni transferlə bağlı klub rəhbərliyi ilə söhbətimiz olacaq, bu məsələni onlarla müzakirə edəcəyik. Mənimlə əlaqə saxlasanız, heyətimizdə dəyişiklər haqda mütəmadi məlumat verərəm. İndidən onu deyə bilərəm ki, özümlə serbiyalı müdafiəçi gətirmişəm. Bu, vətənində “Banat” klubunda çıxış etmiş Milan Veselişdir.

- Azərbaycan yığması ötən il iyunun 1-də Zenitsa şəhərində Bosniya ilə yoldaşlıq görüşü keçirdi. Həmin oyunda siz baş məşqçi Deniel Piriçin köməkçilərindən biri idiz. Milli komandamız yadınızda necə qalıb?
- Bu, bir yoldaşlıq görüşü idi. Yığmamız həmin oyunda 1:0 hesabı ilə qələbə qazandı. Bununla belə, milli komandanız pis təsir bağışlamamışdı. Sadəcə, təcrübə öz sözünü demişdi. Yeri gəlmişkən, həmin vaxt yığmamızın köməkçi məşqçilərindən olan qapıçılarla işləyən Almir Hurtiç indi də “Muğan”da mənimlə birgə çalışacaq.
0