“Xəzər-Lənkəran” komediyası...
16.06.2009 - 18:27
“Xəzər-Lənkəran” komediyası...
…“Xəzər-Lənkəran”da baş verənlər komik kinoları xatırladır. Bu klubun rəsmilərinin canında nə qədər duz varmış… Lənkəran təmsilçisi tarixinin ən gülməli dövrünü yaşayır. Hər gün “Xəzər-Lənkəran” rəhbərliyinin təqdimatında yeni tamaşaların premyerası keçirilir. Pulsuz tamaşalar, ürəkdolusu gülüşlər! Necə də xeyirxahsınız!

Mais Mənsimovun prezidenti olduğu futbol klubunda peşəkarlıq adına heç nə yoxdur. “Xəzər-Lənkəran”ın son bəyanatını və son təyinatını olduğu kimi, diqqətinizə çatdırsaq, dediklərimizi əyani sübut edəcəyik.

Deməli belə, iyunun 12-də apasport.az saytı İqor Ponomaryov biabırçılığından sonra Ağasəlim Mircavadovun yenidən “Xəzər-Lənkəran”a baş məşqçi gətirilməsi barədə xəbər yaydı. Bunun ardından elə həmin gün klub qaçaraq bir bəyanat yaydı: “Bu gün gözlənilmədən ölkə KİV-ni lərzəyə gətirən “Xəzər-Lənkəran” Mircavadovla anlaşır” sərlövhəli xəbəri klub daxilində böyük təəccüblə qarşılanıb”. Daha sonra bəyanatda Ağasəlim Mircavadovla danışıqlar aparılmadığı dönə-dönə qeyd olunur, klubun xaricdə məşqçi axtardığı vurğulanırdı.

Bu da apasport.az-ı təkzib etmək üçün hər nöqtədən xəbər düzəltməyə hazır olan bəzi “peşəkar və mənbəli həmkarlarımıza” əməllicə bəhanə verdi. Olmayan qələmlərini itiləyib başladılar apasport.az-ın əleyhinə ürəklərinin dərin guşələrində toplanmış kini boşaltmağa.

Üstündən cəmi 3 gün keçir. “Xəzər-Lənkəran” Ağasəlim Mircavadovla rəsmi müqavilə imzalayır və bunu mətbuata açıqlayır.

Mübariz Mənsimovun Bakıda sayt açıb, ölkə mətbuatını “böyrü üstə qoymaq iddiasında olan komandası” klubun rəsmi saytından «Xəzər Lənkəran» Mircavadovla danışıq aparmır» sərlövhəli yazını çıxarmağı belə unudur.

Biabırçılığın biri bir qəpik! Bir azca peşəkarlıq, bir az ağlı başında hərəkət eləmək, bir az da bacardığın işlə məşğul olmaq gərəkdir. Adam gəmiçilikdən pul qazana bilər, “Pal qatıq” istehsalında da uğur əldə edər, hətta manekenə sponsorluq edə, iki kişidən birinin sürdüyü maşında gəzə bilər, amma xəbər yazmağı bacarmaz. Burda heç bir qəbahət yoxdur ki! Biz bu sadaladıqlarımın heç birini bacarmırıq, amma xəbər yaza bilirik. Fərqimiz də elə burdadır: Biz bacardığımız işlə məşğul oluruq, bacarmadığımız sahələrə baş soxub biabır olmuruq!

Əslində, “Xəzər-Lənkəran”ın bu açıqlamasını o birilərin yanına göndərib, heç əhəmiyyət verməmək də olardı. Çünki elə bu Mircavadovun “Xəzər-Lənkəran”dan qovulmasının bir illiyi hələ avqust ayında tamam olacaq. Azərbaycan futbolunun ən böyük hesablı məğlubiyyətinin müəllifi, Fransa yığmasından 10, Polşa “Lex”indən 5 qol yeyən baş məşqçini yenidən klubunun başına qaytaran rəhbərlik öz qurumuna hansı hörməti qoyur ki, ondan başqalarına da sayğı tələb edəsən?

Bir klub ki, vitse-prezidentə, yəni prezident köməkçisinə köməkçi postu icad edə, o klubda hansı peşəkarlıqdan, hansı tərəqqidən danışacaqsan ki? Biz bunlardan xəbərə peşəkar yanaşma gözləmirik, bu bir az artıq idealistlik olardı...

Amma adamların səbrinin həddi var. Onu sınağa çəkmək, cəmi üç gün intervalı ilə medianı da, azarkeşi də (əgər varsa!) ələ salmaq olmaz!

Bizim xəbərimizi hay-küylə təkzib etməyə çalışan, manşet dəyişən “həmkarlarımıza” da, türklər demiş, iki cift lafım var. Görəsən, onlar bu gün o xəbəri yenidən səhifələrinə yerləşdirəndə nə qədər tərlədilər? Uşaqlar, bizə şübhə etməməyi Sizə daha necə öyrətmək lazımdı?

Bu da xəbər tapmaq, eksklüziv mənbəyə çıxış imkanı əldə etmək deyil ki! Yazdığımız xəbəri hərfi-hərfinə “copy-paste” eləyib, səhifənizə yerləşdirin də. Buna xüsusi istedad lazım deyil ki, sadə dizaynerlik qabiliyyətidir, vəssalam.

Başqalarının bostanına daş atmaq pis deyil, arada lap məzələnmək də olar, amma onların hamısından əvvəl xəbər yazmaq və onun rəsmi təsdiqinə qədər gözləmək lazımdı. Yoxsa yayın bu isti günündə bu qədər məzəmməti çəkmək heç rahat olmayacaq!

... Bax belə!
0