Hakan Şükür 1 proqramdan 7 min manat qazanır
17.06.2009 - 10:54
Hakan Şükür 1 proqramdan 7 min manat qazanır
Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükürün TRT-nin “Stadyum” proqramındakı şərhçilikdən nə qədər qazanması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Türkiyə Böyük Millət Məclisi TRT rəhbərliyinə sorğu göndərib. Telekanalın sədri İbrahim Şahin isə deputatların istədikləri məbləği açıqlayıb.

O bildirib ki, hər bazar günü efirə gedən “Stadyum” verilişindəki şərhçiliyə görə Hakan Şükürə 14 min lirə (təxminən 7 min manat) verilir. “Qalatasaray”ın sabiq hücumçusuna yüksək məbləğdə pul ödənilsə də, telekanal onunla əməkdaşlıqdan tam razıdır. Məsələ burasındadır ki, məhz Hakan Şükürün “Stadyum” proqramında görünməsi üzündən sponsorlar telekanala 20 min lirə pul köçürürlər. Beləliklə, rəhbərlik bu məbləğin 14 minini keçmiş futbolçuya verir, qalan 6 min isə sırf qazanc qismində telekanalın büdcəsinə yatırılır.

“Əvvəllər başqa şərhçilərlə əməkdaşlıq edirdik. Ancaq onlara pulu telekanal özü ödəyirdi. İndi isə sponsorların sayəsində xərcləri qarşılayırıq və üstəlik, qazanc götürürük” - deyə İbrahim Şahin vurğulayıb.
0