Zaur Ramazanovu da qaytarırlar
17.06.2009 - 13:32
Zaur Ramazanovu da qaytarırlar
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubu əsas heyət futbolçusunu itirə bilər. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun “Xəzər-Lənkəran”a qayıtmasından sonra Zaur Ramazanovun da bu komandaya qayıdacağı bildirilir.

Mircavadovun ötən ilin yayında UEFA kubokunun Polşa “Lex”i ilə matçlardan sonra komandanı tərk etməsi, 33 yaşlı hücumçunun da klubdan ayrılması ilə nəticələnmişdi. O vaxt üç il şərəfini qoruduğu “Xəzər-Lənkəran”dan ayrılan Zaur son mövsümü “Qarabağ”da keçirib. Lakin Ağdam təmsilçisindəki bir il onun futbolçu karyerası ərzində ən uğursuz dövr olub.

Belə ki, məhsuldarlığı ilə seçilən Ramazanov formasını geydiyi komandaların heç birində belə zəif çıxış etməmişdi. O, 24 çempionat matçında cəmi 4 qol vurmağı bacardı. İndiyədək Premyer Liqada 136 oyun keçirib 70 qol vuran Zaur Lənkəran təmsilçisinin tarixinə rekordçu kimi düşüb: həm çempionat oyunlarında, həm də ümumi hesablamada klubun ən yaxşı bombardiri kimi.

Ötən mövsüm “Xəzər-Lənkəran”ın ən yaxşı bombardiri olmuş İvan Svetkov Bolqarıstan klublarının maraq dairəsində olduğundan onun komandanı tərk edəcəyi gözlənilir. Romulo Silvano isə transferə çıxarıldığından heyətdə olmayacaq. Elə bu itkilər də Mircavadovun Ramazanovu qaytarmaq istəyinə səbəb olub.
0