“Qəbələ” hara gedir?
17.06.2009 - 14:20
“Qəbələ” hara gedir?
“Qəbələ” klubunun yeni mövsümə hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komanda ilk təlim-məşq toplantısına iyulun 1-də start verəcək.

Doğma şəhərdə yığışacaq Ramiz Məmmədovun yetirmələri əsasən fiziki hazırlıq üzərində çalışacaq. 20 günlük Qəbələ toplanışı başa çatdıqdan sonra komanda Türkiyəyə yola düşəcək. Bu ölkədəki hazırlıqlar iyulun 20-də başlayacaq və 15 gün davam edəcək.

Digər Azərbaycan klublarından fərqli, Antalyaya getməyən “Qəbələ” seçimin İzmit şəhərinin üzərində edib. Komanda bu şəhərində yerləşən beş ulduzlu "Green Park" otelində məskunlaşacaq. Bir il əvvəl hazırlığı Kartepedə keçirən qəbələlilərin futbolçuları hələ istirahətdə olsa da, məşqçi və seleksiyaçıları transfer çalışmalarına başlayıb.

Klubun baş meneceri Zaur Əzizov, həmçinin məşqçilər Vidadi Rzayev və Mehman Baxışov Baltikyanı ölkələrə səfərə çıxıblar. Bu gün Bakı-Vilnüs reysi ilə yola düşən “Qəbələ” nümayəndələri orada 5 oyun izləyəcəklər. Səfər çərçivəsində həm Litva, həm Latviya liqasının oyunlarına baxılacaq.
0