Məşhur “Ayaks”ın sabiq futbolçusu Azərbaycanda!?
17.06.2009 - 15:23
Məşhur “Ayaks”ın sabiq futbolçusu Azərbaycanda!?
Vaxtilə Hollandiyada “Ayaks”ın şərəfini qoruyan Andrey Demçenkonun karyerasını Azərbaycanda davam etdirmək variantı var. Apasport.az saytının məlumatına görə, 33 yaşlı ukraynalı futbolçu ilə Premyer Liqanın bürünc mükafatçısı “Simurq” komandası maraqlanır. Avropa Liqasında ölkəmizi təmsil edəcək komandanın bu hücumçu uğrunda mübarizədə rəqibləri iki MDB təmsilçisi – Daşkəndin “Lokomotiv” və Rusiya Premyer Liqasının autsayderi olan Moskvanın “Ximki” klubudur.

“Ximki”də tanınmış futbol agenti Konstantin Sarsaniya çalışır. O, Andreyə ilk peşəkar müqavilə bağlamaqda, yəni “Ayaks”la anlaşmaqda yardımçı olub. Demçenkonun potensialına yaxşı bələd olan Sarsaniya onu komandasında görmək istəyir. Məlumata görə, təcrübəli futbolçunun keçidində hansı klub daha israrlı olarsa, qeyri-adi oyunu ilə seçilən hücumçu ona qismət olacaq.

Demçenkonun hücumu axtarışında olan “Simurq”a keçidinin baş tutub-tutmayacağı yaxın günlərdə müəyyənləşəcək. Yeri gəlmişkən, komandamızın Andreyin həmyerlisi Oleq Şelayevi transfer edəcəyini artıq dəqiqləşdirib. Ukrayna milli komandasının yarımmüdafiəçisi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. “Şaxtyor” və “Dnepr” klublarında çıxışı ilə tanınan Şelayev “Bakı”ya da təklif olunmuşdu.

Demçenko 1995-ci ildə “Ayaks”ın heyətində Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. Əslən Zaporojyedən olan Andrey doğma şəhərin “Metallurq”, Kiyevin “Obolon” klubunda, Moskva MOİK-ində də çıxış edib. Son yarım ildə böyük futboldan kənarda qalan hücumçu Zaporojye vilayətinin çempionatında “Kommunist”in heyətində çıxış edib. Demçenko bu komandanın həm lideri, həm də bombardiri olub.
0