Yığmamıza 3 qol vurmuş baş məşqçi: Azərbaycanlılar çox güclü idilər
17.06.2009 - 15:49
Yığmamıza 3 qol vurmuş baş məşqçi: Azərbaycanlılar çox güclü idilər
“Azərbaycan milli komandası ilə qarşılaşma gözlənildiyi kimi gərgin alındı. Qonaqlara uduzsaq da, futbolçularıma heç bir iradım yoxdur”. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu sözləri Moldovanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Sergey Kleşenko deyib.

Kişinyovda təşkil olunan “FA of Moldova Cup” turnirinin ilk matçında meydan sahiblərini 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığmasının çox güclü olduğunu söyləyən gənc mütəxəssis öz oyunçularını qınamağa əsas görmür: “Azərbaycan milli komandası çox güclü olduğundan, yetirmələrimdən narazı qala bilmərəm. Rəqiblərimiz texnikalı və surətli oyunları ilə nəyə qadir olduqlarını göstərdilər. Kazım Kazımlını isə xüsusi qeyd etmək istərdim”.

Qeyd edək ki, futbolçu karyerasını iki il əvvəl bitirmiş Kleşenko Moldova yığmasının rekordçusudur. Milli komandada keçirdiyi oyunların sayına (69) görə ikinci olan Sergey yığmanın ən yaxşı bombardiridir - 11 qol. Kleşenko dəfələrlə Azərbaycan yığmasına qarşı forma geyinərək, 3 qol vurub.
0