Karp: “Olimpik” Doroşa birbaşa müqavilə təklif edib - EKSKLÜZİV
17.06.2009 - 23:00
Karp: “Olimpik” Doroşa birbaşa müqavilə təklif edib - EKSKLÜZİV
Moldova milli komandasının sabiq hücumçusu Anatoli Doroş yenidən Azərbaycanda çıxış edə bilər. Futbolçunun meneceri İon Karp apasport.az saytına eksklüziv açıqlamasında Bakının “Olimpik” klubundan təklif aldıqlarını bildirib.

“Olimpik” Doroşu transfer etmək istəyir. Bu klubdan təklif almışıq. Doroş yaxşı hücumçudur, hətta sınaqdan keçirməyə ehtiyac yoxdur. Anatoli Azərbaycanda bir neçə klubda çıxış edib, onu yaxşı tanıyırlar. “Olimpik” rəhbərliyi istəyir ki, Bakıya gəlib, birbaşa müqavilə bağlayaq” - deyə Karp vurğulayıb.

Bununla belə, Karp daha əlverişli təklif gözlədiklərini söyləyib. Məsələ burasındadır ki, Doroşun indiyədək şərəfini qoruğu klublar maliyyə problemi ilə üzləşib və “Olimpik” də ötən mövsüm bu baxımdan çətinlik çəkib. Anatolinin Azərbaycanda ilk çıxış etdiyi İmişlinin “MKT-Araz” klubu 2007-ci ilin avqustunda dağıldığı üçün futbolçu həmin vaxt “Standard”a keçməli olmuşdu. Ancaq o, Bakı təmsilçisi ilə 2007/08 mövsümünün ilk dövrəsindən sonra müqaviləni uzatmamaq qərarına gəlmişdi.

Ötən mövsümü də Doroş üçün yaxşı saymaq olmaz. Çünki 25 yaşlı hücumçu maliyyə problemi yaşayan Yevlaxın “Karvan” klubunda çempionatı başa çatdırmayaraq, vətəninə dönüb. Elə moldovalı FİFA agenti də maliyyə məsələsinə xüsusi diqqət yetirir: “Bu vaxta qədər Doroş Azərbaycanda maddi problemlə üzləşib. Biz də bunu nəzərə alaraq, hələ gözləyirik. Vəziyyəti araşdırır, digər təklifləri də nəzərdən keçiririk. Anatolinin “Karvan”da ilk üç ayda işləri yaxşı gedirdi, qollar vururdu, komandasının bombardiri idi. Ancaq ikinci dövrədə maliyyə çətinliyi öz sözünü dedi. Doroş yenidən Azərbaycana gedib, belə problemlə üzləşəcəksə, elə vətənində oynaması, evində oturması daha yaxşıdır”.

Qeyd edək ki, Doroş milli çempionatımızda keçirdiyi 49 oyunda 18 dəfə fərqlənib. O, keçən mövsüm “Karvan”ın heyətində 16 görüşdə 6 qola imza atıb. Anatolinin gedişindən sonra qol vuran Vüqar Nadirov onunla birgə ötən mövsüm Yevlax klubunun bombardiri olub.
0