Ronaldonun pulunu balta kəsməyəcək
17.06.2009 - 16:05
Ronaldonun pulunu balta kəsməyəcək
Kriştianu Ronaldo dünyanın ən yüksək ödənişli futbolçusu olacaq. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun rəhbərliyi 24 yaşlı portuqaliyalı yarımmüdafiəçiyə illik məvacibi 13 milyon avro olan müqavilə təklif edib.

Bu məbləğ “kral klubu”nun kapitanı Raul Qonsaleslə müqayisədə, demək olar, iki dəfə çoxdur. Ronaldonun “Mançester Yunayted”dən “Real”a keçidi bu ayın sonunadək rəsmiləşməlidir.

Qeyd edək ki, hazırda dünyanın ən yüksək ödənişli futbolçusu İtaliya “İnter”inin hücumçusu Zlatan İbrahimoviçdir. 28 yaşlı isveçlinin illik məvacibi 12 milyon avroya bərabərdir. “Real”ın digər yeni transferi Kaka isə ildə 11 milyon avro qazanacaq.

Maraq üçün bildirək ki, Ronaldonun “Mançester Yunayted”də illik qazancı 7,5 milyon avro idi. Kriştianu “Real”a keçməklə, həm də dünyanın ən bahalı futbolçusuna çevrilib. “Real”ın ona görə təklif etdiyi 93,4 milyon avro dünya futbolu tarixində rekorddur.
0