“Xəzər-Lənkəran” Boluda hazırlaşacaq
17.06.2009 - 22:34
“Xəzər-Lənkəran” Boluda hazırlaşacaq
“Xəzər-Lənkəran” klubu yeni mövsümə Türkiyədə hazırlaşacaq. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Ağasəlim Mircavadov Bolu şəhərində təlim-məşq toplanışında olacaqlarını bildirib.

Yenidən Lənkəran təmsilçisini çalışdıran 62 yaşlı mütəxəssis vurğulayıb ki, futbolçuların istirahət müddəti bir həftədən sonra başa çatacaq: “Bu gün rəhbərliklə görüşüm oldu. Əsas müzakirə obyekti hazırlıq planı idi. İyunun 24-də yığışacağıq və futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 29-da isə Türkiyənin Bolu şəhərinə təlim-məşq toplanışına yollanacağıq. Orada hazırlıq prosesi iyulun 16-dək davam edəcək. Həmin müddətdə 4 yoxlama oyunu keçirmək nəzərdə tutulub. Tarixləri təqdim etmişik və rəqiblər sonradan müəyyənləşəcək”.

Mircavadov çempionata son hazırlıq mərhələsinin də Türkiyədə olacağını istisna etmir. Axırıncı hazırlıq mərhələsi üçün 25 iyul - 9 avqust aralığı planlaşdırılıb: “Son hazırlıq prosesini həm sərin, həm də yoxlama oyunu üçün rəqiblər çox olan məkanda keçirmək istəyirik. Boluda şəraitlə yaxından tanış olacağıq. Bizim üçün münasib hava olarsa, yenidən ora yollana bilərik. Axırıncı toplanışda daha çox yoxlama oyunu keçirə bilərik. Çünki baxışa çoxlu legionerlər gələcək və onları yoxlamaq lazımdır. İkinci dəfə ölkə kənarına çıxana qədər isə Lənkərana qayıtmalıyıq. Çünki həm mühiti dəyişmək, həm də futbolçulardan test götürməliyik. Bu, Lənkərandakı bir həftəlik hazırlıq prosesində reallaşacaq”.
0