Bu dəfə tərsinə: 20 yaşlı hakim məşqçini döydü!
17.06.2009 - 17:38
Bu dəfə tərsinə: 20 yaşlı hakim məşqçini döydü!
İspaniyada futbol hakimi qonaq komandanın məşqçisini döyüb. Apasport.az saytının məlumatına görə, futbolda çox nadir hallarda rast gəlinən bu hadisə Valensiyadan 14 km aralıda, El Puiq kurort şəhərində baş verib.

Yerli komanda Burxassot şəhərinin futbolçuları ilə yoldaşlıq görüşü keçirib. Döyülən məşqçi Xose Luis Peres Kuesta oyunun gedişində hakimin səhvlərini göstərib, qərarlarını etiraz edib, hətta onu “eşşək” adlandırıb. Bütün bunlardan qəzəblənən 20 yaşlı hakim məşqçinin burnunu sındırıb. O, həmçinin xəsarət yetirdiyi şəxsin əlini iki yerdən sındırıb, dodağını dağıdıb. Hakim döydüyü məşqçidən 8 yaş kiçikdir.

Kuestanın köməkçi bildirib ki, məşqçiyə yaxınlaşan hakimin qırmızı vərəqə üçün əlini cibinə ataraq, onu texniki zonadan qovacağını gözləyirlərmiş. Ancaq hakim ağır söyüşlər işlədərək, qəflətən məşqçiyə kəllə atıb. Kuesto bu zərbədən huşunu itirərək, yerə yıxılıb. Ancaq hakim məşqçini döyməyinə davam edib. Oyun dayandırılıb, hakim isə tutularaq, polis şöbəsinə aparılıb. Orada aydınlaşdırılıb ki, futbol meydanında dava-dalaş hakimin karyerasında ilk belə hal deyil. Belə ki, o, 2008-ci ildə yeniyetmələrdən ibarət komandalarının oyunu idarə edərkən, futbolçularından birinin və onun atasının üzərinə cumub.

Qeyd edək ki, Burxassotun komandasının rəhbərliyi hakimin ömürlük diskvalifikasiyasına nail olmaq niyyətindədir. Döyülmüş məşqçi isə hakimi məhkəməyə verəcəyinə deyib.
0