Ağasəlim Mircavadov: Söhbət mənim istəyimdən getmir
17.06.2009 - 17:46
Ağasəlim Mircavadov: Söhbət mənim istəyimdən getmir
“Xəzər-Lənkəran”da mənim dövrümdə oynamış futbolçuların qaytarılması ilk növbədə rəhbərlikdən asılıdır. Bu məsələdə söhbət mənim istəyimdən getmir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Lənkəran təmsilçisində çıxış etmiş və bır sıra titullar qazanmış Zaur Ramazanov, Emin Quliyev, Mahir Şükürov, Alim Qurbanov, Füzuli Məmmədov sonradan kənarda qalıblar. Mircavadovun ötən yay istefa verməsindən sonra Zaur Ramazanovla Mahir Şükürov “Xəzər-Lənkəran”dan ayrılıblar. Ramazanovun “Qarabağ”la hələ iki illik müqaviləsi olduğu halda, Şükürov “Olimpik”lə anlaşmanı uzatmayaraq, getməyə qərar verib. Alimlə Füzulini ikinci dövrənin startına az qalmış sabiq baş məşqçi İqor Ponomaryov transferə çıxarıb. Düzdür, Alim müqavilə ilə indi də “Xəzər-Lənkəran”a məxsusdur və “Karvan”da icarə müddəti bitdikdən sonra geri qayıdacağı gözlənilir. Ponomaryov kapitan Emin Quliyevi isə ikinci dövrənin ortasında nizam-intizamsızlığa görə komandadan uzaqlaşdırıb.

Mircavadov sabiqlərin qayıtma ehtimalına belə münasibət bildirib: “Bu məsələ ilə bağlı əsas qərarı rəhbərlik verir. Baxır futbolçu komandadan necə çıxıb. Bir şey dəqiqdir ki, heyəti gücləndirmək, bunun üçün yeni futbolçular cəlb etmək lazımdır. Çünki düşərgədə futbolçuların sayı azdır. İstər yerli, istərsə də əcnəbi futbolçu olsun. Ötən mövsümün bombardiri İvan Svetkovun gedişi ilə bağlı söhbət doğru deyil. Hər halda, mənə verilən məlumata görə, bolqar hücumçu komandanızın üzvü olaraq qalır”.

62 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”la müqavilə məsələsinə elə də ciddi əhəmiyyət vermir: “Mənim üçün əsas iş eyni fikrin, məqsədin olması, anlaşma, qarşılıqlı razılıqdır. İşlədiyim yerlərdə müqaviləyə, onun müddətinə ciddi fikir verməmişəm. Düzdür, müqavilə də lazımdır və anlaşmanın rəsmiləşməsi sənəd üzərində göstərilir. Ancaq işləmək üçün bundan da vacib şeylər gərəkdir”.

Qeyd edək ki, ötən ilin avqustun 1-də “Xəzər-Lənkəran”ın baş məşqçisi postundan istefa vermiş Mircavadovun eyni vəzifəyə qayıdışı dünən rəsmiləşib.
0