Koreya dünya çempionatında!
18.06.2009 - 09:49
Koreya dünya çempionatında!
2010-cu il dünya çempionatına (DÇ) Asiya zonasından vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) yığması uzun fasilədən sonra mötəbər turnirdə iştirak etmək hüququ qazanıb. Onlar bu vəsiqəyə son illərdə daim DÇ-nin finalına çıxan Səudiyyə Ərəbistanı ilə səfər oyununda (0:0) qazandığı bir xalla sahib çıxıblar. Hər iki yığma eyni xala (12) malik olsa da, KXDR rəqibini topların daha yaxşı fərqinə görə qabaqlayaraq, 2-ci yeri tutub. Bu isə DÇ-nin həlledici mərhələsinə birbaşa vəsiqə verir.

İndi Səudiyyə Ərəbistanı son illərdə mundialda təmsil olunmaq ənənəsini davam etdirmək üçün iki pley-off oyunlarında qalib gəlməlidir. Əvvəlcə ərəblər digər qrupda 3-cü yeri tutan Bəhreyn yığmasını yenməlidir. Bu cütün qalibi isə Okeaniya zonasının təmsilçisi, hazırda Konfederasiyalar Kubokunda iştirak edən Yeni Zelandiyanı iki oyundan ibarət görüşlərdə üstələməlidir.

Asiya zonasından DÇ-nin final mərhələsinə birbaşa vəsiqəyə KXDR ilə yanaşı, Avstraliya, Cənubi Koreya və Yaponiya sahib çıxıb. İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Özbəkistan yığmaları hətta 5-ci vəsiqə uğrunda mübarizə aparmaq hüququndan da məhrum olub. İndiyə kimi Avropa zonasından hələ ki Hollandiya yığması mundiala birbaşa vəsiqə qazanıb.
0