Qus Hiddink hələ də Azərbaycandan danışır
18.06.2009 - 11:08
Qus Hiddink hələ də Azərbaycandan danışır
“Yazda Azərbaycan və Lixtenşteynlə görüşlərdə 6 xal topladıq. Ancaq baxımlı oyun göstərmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan şimal qonşularımız martın 28-də Moskvada keçirilən matçda 2:0 hesabı ilə qələbə qazanıblar. Həm Azərbaycan, həm də Lixtenşteynlə oyunu yox, nəticəni düşünən Hiddinkin komandası buna görə mətbuatda kəskin tənqid olundu. Ancaq finlandiyalılarla Helsinkidə qazanılan böyük hesablı qələbə (3:0) ilə hər şey öz yerini tapdı və “Sport-Ekspress” qəzetinin ilk səhifəsində “Yığma, biz səni sevirik!” sərlövhəli yazı dərc olundu. Bunu eşidən Hiddink həm sevinib, həm də bir daha yığmamızla görüşə toxunub: “Doğrunda belə yazmısınız? Bu, çox xoşdur. Razılaşın ki, komanda buna layiq idi. Azərbaycan və Lixtenşteynlə oyunlarda necə deyərlər, ustalıq səviyyəsi hesabına qələbə qazandıq. Həmin qarşılaşmalara lazım olan qədər güc qoyduq. Finlandiya ilə görüş isə əvvəldən daha çox emosiya tələb edirdi. Biz bu oyuna çox ciddi hazırlaşırdıq. Başa düşürdük ki, xal itirməyə haqqımız yoxdur”.

Qeyd edək ki, Rusiya cari seçmə mərhələdə son oyununu oktyabrda Bakıda milli komandamıza qarşı keçirəcək.