Yığmamızın sabiq futbolçusu Ali Məşqçilər Məktəbində təhsil alır
18.06.2009 - 11:41
Yığmamızın sabiq futbolçusu Ali Məşqçilər Məktəbində təhsil alır
“Məni Ali Məşqçilər Məktəbinə daxil olmağa sövq edən sevimli işimlə məşğul olmaq perspektivi, futbolda olmaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev deyib.

Əslən Dağıstandan olan 35 yaşlı yarımmüdafiəçi ötən ilin qışında Bakının “Olimpik” klubuna keçdi. Ancaq milli çempionatımızda cəmi bir oyun keçirdikdən sonra paytaxt təmsilçisindən gedən Sırxayev Moskvada məşqçilik kurslarında təhsil almasının faydasından danışıb: “Ali Məşqçilər Məktəbində necə məşqçilik etməyi öyrətmirlər. Hər mütəxəssis öz metodikasını seçir. Ancaq burada psixologiya, biokimya, insanın fiziologiyası ilə bağlı çoxlu faydalı biliklər verirlər. Kifayət qədər informasiya alırıq”.

Bəzi mütəxəssislər Ali Məşqçilər Məktəbində təhsil almağı vaxt itirmək hesab edərək, Rusiya Premyer Liqasında, yaxud birinci divizionda lisenziyasız işləyirlər. Ancaq Narvik belə məşqçiləri dəstəkləmir: “Məşqçilər, xüsusilə də işini yüksək səviyyədə davam etdirmək istəyən gənclər üçün Ali Məşqçilər Məktəbini bitirmək zəruridir. Onlar kursları keçməklə, gələcəkdə edə biləcəkləri səhvlərə yol verməyəcəklər. Mənə Rusiya Premyer Liqası, yaxud birinci divizionda məşqçi kimi təklifi gəlsə belə, bu məktəbdə təhsili dayandırmayacağam”.

Qeyd edək ki, Sırxayev milli komandamızda 17 oyun keçirib və 1 qol vurub.
0