Vəli Qasımovun Moskva “Dinamo”sunda yeri
18.06.2009 - 11:52
Vəli Qasımovun Moskva “Dinamo”sunda yeri
Azərbaycan yığmasının sabiq futbolçusu Vəli Qasımov Moskvanın “Dinamo” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz paytaxt təmsilçisinin Rusiya çempionatları tarixində ən məhsuldar əcnəbi hücumçularındandır.

1992-ci ildə keçirilən ilk çempionatın ortasında Moskva “Spartak”ından “Dinamo”ya keçən Qasımov 17 oyunda 16 qol vurub. O, bu göstəriciyə görə ilk çempionatda bombardirlər yarışında 2-ci oldu. Qasımov həm məhsuldarlığına, həm də qollarının sayına görə 2-dir və məhsuldarlıqda 4 oyuna 5 qol vuran tanınmış ukraynalı hücumçu Viktor Leonenkodan geri qalır. Bu futbolçu da Vəli kimi “Dinamo”da 1992-ci ildə çıxış edib və 4 oyuna 5 qol vurub. Qolların sayına gəlincə, Qasımovu bu göstəricidə yalnız Portuqaliya milli komandasının sabiq hücumçusu Derley qabaqlayır. Əslən Braziliyadan olan futbolçu Moskva klubunun tarixində ən sərrast əcnəbi hücumçudur – 41 oyuna 20 qol. Özü də Derley buna iki mövsümdə (2005 və 2006-cı illərdə) nail olub. “Dinamo”nun tarixində özlərinə ən yaxşı tərəfdən göstərən legioner forvardlar Derley, Qasımov və Leonenko sayılır.

Qeyd edək ki, “Dinamo”da Rusiya çempionatları tarixində 13 ölkədən 16 əcnəbi hücumçu oynayıb. Bunlar arasında Zaqatalanın “Simurq” klubuna keçən Aleksandr Popoviç də var. Moldovalı hücumçu 1999-cu ildə “Dinamo”nun heyətində cəmi bir oyun keçirib.
0