“Asiyanın Maradonası” da İran prezidentinə etiraz etdi
18.06.2009 - 13:04
“Asiyanın Maradonası” da İran prezidentinə etiraz etdi
Futbol üzrə İran milli komandası iyunun 12-də bu ölkədə keçirilmiş prezident seçkilərində qalib gələn Mahmud Əhmədinejada qarşı çıxıb. Apasport.az saytının məlumatına görə, iranlı futbolçular öz etirazlarını dünən dünya çempionatının seçmə mərhələsində Seulda Cənubi Koreya ilə matçda nümayiş etdiriblər.

Belə ki, start heyətdə yer alan 11 oyunçudan 8-i sağ biləklərinə Əhmədinejadın seçkilərdə əsas rəqibi və qələbə qazandığı iddia olunan Mirhüseyn Musəvinin partiyasının rəmzi olan yaşıl rəngli parça bağlayıblar. Musəvinin tərəfdarları arasında yığmanın kapitanı Mehdi Mahdavakiya, eləcə də “Asiyanın Maradonası” ləqəbini daşıyan “Bavariya”nın sabiq futbolçusu Əli Kərimi də olub.

Lakin fasilədə İran Futbol Federasiyasının rəsmiləri milli komandanın üzvlərinə hədə-qorxu gəlib, vətənə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunacaqlarını bildirib. Buna görə də Mahdavakiyadan başqa, qalan futbolçular ikinci hissəyə çıxarkən, biləklərindəki parçaları açıblar.

Oyunboyu tribunalarda Əhmədinejadın əleyhinə “Cəhənnəmə get, diktator!”, “Yurddaşlarımız, sonadək sizinlə birgəyik”, “Səsim hara getdi?”, “Azad İran” şüarları da səsləndirilib. Əhmədinejada daha bir mənəvi zərbəni isə cənubi koreyalılar vurublar. Oyun 1:1 hesabı ilə nəticələndiyindən, İran yığması dünya çempionatına vəsiqə qazanmaq şansını itirib. Halbuki, son günlərədək İran milli komandasını mətbuatda “Əhmədinejadın bir uğuru” adlandırırdılar və yığmanın nailiyyətini prezidentlə əlaqələndirirdilər.
0